"Barselona"nın müdafiəçisi Andreas Kristensenin UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"la oyunu buraxacağı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya klubunun baş məşqçisi Hansi Flik məlumat verib.
Danimarkalı futbolçunun Bakıdakı qarşılaşmaya gah yetişəcəyi, gah da yetişməyəcəyi yazılırdı. Lakin Flik ötən həftə baldırından xəsarət alan Kristensenin Azərbaycana yollanacaq heyətdə yer almayacağını deyib.
Andreasdan fərqli olaraq, digər müdafiəçilər Jül Kunde və Erik Qarsiya artıq kollektivlə birgədirlər. Onlar hətta La Liqa çərçivəsində "Vilyarreal"la dünənki görüşdə (3:2) iştirak ediblər. Hər iki oyunçu Bakıya gələcək.
Qeyd edək ki, "Sabah" – "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.