İtaliya millisinin sabiq futbolçusu Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanla yaşadığı insidentdən danışıb.
İdman.Biz xəbər verir ki, italiyalı futbolçu bu hadisəni İspaniyanın "Tenerife" klubunun oyunçusu Xesus de Miquelin vəfatından sonra xatırlayıb.
30 yaşlı futbolçu Sequndanın 12-ci turunda "Andorra" ilə oyunun sonlarında rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub. Hadisədən sonra xəstəxanaya aparılan Xesus de Miquel dünyasını dəyişib.
Materatsi baş verən faciənin ona 2006-cı ildə Zidanla yaşadığı hadisəni xatırlatdığını bildirib:
"Xesus de Miquelin ölümü məni Allaha şükür etməyə vadar etdi ki, o zaman mənim başıma ciddi bir hadisə gəlmədi. Həmin qapıçının vəziyyətində oyun epizodu zamanı ehtiyatsızlıqdan ölüm baş verib. Bəs belə bir hadisə mənim başıma gəlsəydi, necə olardı?"
Dünya çempionu Zidanın həmin hadisədən sonra ondan üzr istəmədiyini də deyib. Materatsinin sözlərinə görə, onlar 2010-cu ilin noyabrında Milanda, "Milan" - "Real" matçından əvvəl eyni hoteldə qarşılaşıblar.
"Mən Mourinyo ilə sağollaşıb hoteldən çıxırdım. Zidan isə binanın arxa tərəfində avtomobilini park edirdi. Məni görəndə tərəddüd etdi, hətta uzaqlaşmaq istədi. Amma özüm ona yaxınlaşıb əlini sıxdım və dedim: "Burada, yad gözlərdən uzaqda qarşılaşmağımıza sevindim".
O isə mənə: "Narahat olma, belə şeylər olur, hər şey keçmişdə qalıb", - dedi. Təəssüf ki, sonradan sözlərindən imtina etdi və məni adi azarkeşlə səhv saldığını bildirdi", - deyə Materatsi "La Gazzetta dello Sport"a müsahibəsində söyləyib.
Qeyd edək ki, 2006-cı il dünya çempionatının finalında İtaliya və Fransa milliləri qarşılaşıb. Matçın əlavə vaxtında Zidan Materatsinin sinəsinə baş zərbəsi endirdiyinə görə qırmızı vərəqə alıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn İtaliya dünya çempionu olub.