2027-ci il mayın 9-dan 13-dək Bakı dünyanın aparıcı idman təşkilatlarının rəhbərlərini, beynəlxalq federasiyaların nümayəndələrini və idman sənayesinin tanınmış simalarını qəbul edəcək.
İdman.Biz xəbər verir ki, paytaxtımızda keçiriləcək "SportAccord Convention 2027" tədbirinə qatılmaq istəyənlər üçün erkən qeydiyyat mərhələsinə start verilib. İştirakçılar rəsmi qeydiyyat səhifəsi vasitəsilə müraciət edərək daha münasib qiymətlə qeydiyyatdan keçə bilərlər. Erkən qeydiyyat məhdud müddət ərzində qüvvədə olacaq.
Sammitdə 120-dən çox beynəlxalq idman federasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK), beynəlxalq yarışlara ev sahibliyi edən şəhərlərin və idman sənayesinin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir. Ümumilikdə 65-dən çox ölkədən 600-dən artıq təşkilatı təmsil edən 1700-dən çox nümayəndənin tədbirə qatılacağı nəzərdə tutulur.
Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və işgüzar görüşlər təşkil olunacaq. İştirakçılar yeni tərəfdaşlıqlar qurmaq, təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər.
Tədbirin əsas proqramı Bakı Konqres Mərkəzində keçiriləcək. Açılış mərasiminə isə Heydər Əliyev Mərkəzi ev sahibliyi edəcək.
"SportAccord Convention 2027"nin Bakıda təşkili Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyinin möhkəmləndirilməsi, eləcə də ölkənin qlobal idman sənayesi ilə əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.