UEFA Konfrans Liqasının I təsnifat mərhələsində avrokuboklar tarixinin ən qəribə epizodlarından biri yaşanıb.
İdman.Biz xəbər verir ki, Maltanın "Hamrun" klubu ilə Farer adalarının "Runavik" komandası arasında keçirilən cavab qarşılaşması əlavə vaxta doğru gedirdi.
Lakin 91-ci dəqiqədə meydan sahiblərinin 91 nömrəli futbolçusu inanılmaz səhvə yol verib. O, rəqibin hücumu zamanı topun meydanı tərk etdiyini zənn edərək onu əli ilə götürüb və qapı zərbəsini yerinə yetirmək istəyib.
Hakim qayda pozuntusuna görə dərhal penalti təyin edib. "Runavik" 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək qol vurub və bu qol sayəsində Konfrans Liqasının II təsnifat mərhələsinə yüksəlib.