Tanınmış ABŞ-li futbolçu Covanni Reynanın ailəsi dünya futbolunda tarix yazıb. Onun kiçik bacısı Karolina Reyna qardaşı ilə birlikdə ABŞ-ni 17 yaşadək futbolçular arasında dünya çempionatlarında təmsil edən ilk bacı-qardaş cütlüyünün üzvü olub.
İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tarixi hadisə Mərakeşdə keçirilən qadınlar arasında U-17 dünya çempionatında baş verib. ABŞ millisi Samoa yığmasını 17:0 hesabı ilə məğlub edib.
Görüşün 61-ci dəqiqəsində meydana daxil olan Karolina Reyna qısa müddətdə iki qol vurmağı bacarıb. O, 64-cü və 78-ci dəqiqələrdə fərqlənib. Xüsusilə ikinci qolu baxımlı alınıb: gənc futbolçu sol ayaqla topu qapının yuxarı küncünə göndərib.
Maraqlıdır ki, onun böyük qardaşı Covanni Reyna 2019-cu ildə Braziliyada keçirilmiş U-17 dünya çempionatında ABŞ millisinin formasını geyinib. Beləliklə, onlar bu yaş kateqoriyasında dünya çempionatlarında ABŞ-ni təmsil etmiş ilk bacı-qardaş olublar.
Reyna ailəsinin futbol ənənələri bununla bitmir. Onların atası Klaudio Reyna ABŞ millisinin heyətində dörd dünya çempionatında iştirak edib. Anaları Daniel Reyna isə qadınlardan ibarət ABŞ yığmasında çıxış edib.
Karolina Reyna indi ailəsinin futbol tarixini öz uğurları ilə davam etdirir. Onun dublu ABŞ millisinin dünya çempionatları tarixində rekord hesablı qələbə qazanmasına da töhfə verib.