Azərbaycanın sabiq gimnastı, Dubayın hakim ailəsinin üzvü Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. O, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanlarını qanunsuz həbsdə saxlamaqda, işgəncələrə məruz qoymaqda və üç qızını ondan zorla ayırmaqda ittiham edir.
İdman.Biz xəbər verir ki, 35 yaşlı Cavadlı beynəlxalq hüquq müdafiəçisi, vəkil Rodni Diksonu özünün hüquqi nümayəndəsi təyin edib. Vəkil BMT-nin İnsan Hüquqları Şurasının müvafiq xüsusi mexanizmlərinə müraciət edərək BƏƏ-yə qarşı təcili tədbirlər görülməsini istəyib.
Müraciətdə Cavadlının 2026-cı il iyunun 3-də Dubaydakı evində saxlanılması ilə bağlı iddialar yer alıb. Onun sözlərinə görə, gecə saatlarında təxminən 18 silahlı və maskalı polis və dövlət təhlükəsizlik orqanlarının əməkdaşı evə daxil olub. Cavadlı döyüldüyünü, iradəsinə zidd olaraq ona dərman preparatları vurulduğunu və Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına aparıldığını iddia edir.
Sabiq gimnastın bildirdiyinə görə, o, altı gün ərzində vəkilsiz saxlanılıb, səfirliyə müraciət etmək və qızlarının harada olduğunu öyrənmək imkanından məhrum edilib. Bu müddətdə üç qızı - 10 yaşlı Səna, 8 yaşlı Asiya və 7 yaşlı Səlamə yataqlarından götürülərək aparılıb. Cavadlı həmin vaxtdan övladlarını görmədiyini və səslərini eşitmədiyini bildirir.
Zeynəb Cavadlı iddia edir ki, bu hadisələr onun keçmiş həyat yoldaşı ilə uşaqların qəyyumluğu uğrunda uzun müddətdir davam edən mübahisə ilə bağlıdır.
Onun sözlərinə görə, 2022-ci ildə də BMT-yə müraciət edib. Həmin vaxt Dubay hakimiyyət orqanlarının ona təzyiq göstərdiyini, media ilə danışmaqdan və BMT-yə şikayətindən imtina etməsi müqabilində qızlarını yanında saxlaya biləcəyinin bildirildiyini deyir. Cavadlı övladlarının təhlükəsizliyindən narahat olduğu üçün bu tələblərlə razılaşdığını və üç il ərzində ictimaiyyət qarşısında susduğunu iddia edir.
Sabiq idmançının sözlərinə görə, 2025-ci il sentyabrın 27-də Dubay polisi tərəfindən təşkil edilən və müşayiət olunan görüşdən sonra keçmiş həyat yoldaşı qızları geri qaytarmayıb. Həmin il noyabrın 8-də isə məhkəmənin qərarı ilə təşkil edilən görüşdən sonra uşaqları evə gətirdiyi üçün Cavadlı övladlarını oğurlamaqda ittiham olunub.
Cavadlı və 66 yaşlı anası ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi 2026-cı il noyabrın 11-də qapalı keçirilib. İclas cəmi bir neçə dəqiqə davam edib. Noyabrın 18-də isə işə baxan hakim "narahatlıq hissi" ifadəsi ilə işdən çəkilib və materialları yeni hakimin təyin edilməsi üçün Cinayət Məhkəməsinin sədrinə göndərib. Hələlik yekun qərar verilməyib.
Bundan başqa, Zeynəb Cavadlı azadlığa çıxdıqdan sonra evsiz qaldığını, ona əvvəllər təqdim edilən yaşayış yerinə buraxılmadığını və ölkədən çıxışına yenidən qadağa qoyulduğunu bildirir. O, övladlarını geri qaytarmaq üçün sosial şəbəkələrdə etdiyi paylaşımlara görə kibercinayətkarlıqda da ittiham olunur.
BMT-yə ünvanlanan müraciətdə Zeynəb Cavadlıya qarşı rəftarın araşdırılması, qızlarının harada saxlanıldığının müəyyənləşdirilməsi, onların təhlükəsizliyinin yoxlanılması və ailənin birləşdirilməsi tələb olunur. O, həmçinin qızları ilə təcili humanitar görüşün təşkil edilməsini istəyir.
Sabiq gimnast BMT-yə ünvanladığı video müraciətində yaşadıqlarını belə ifadə edib:
"Onlar mənə dedilər ki, sus və uşaqların yanında qalacaq. Mən də susdum, üç il ərzində bir kəlmə belə danışmadım. Halbuki mənə qarşı təzyiqlər davam edirdi. Sonra gecə gəlib qızlarımı yenə də əlimdən aldılar.
Mən BMT-yə, İnsan Hüquqları Şurasına və kömək edə biləcək hər kəsə müraciət edirəm. Xahiş edirəm, təcili tədbir görün. Məni, qızlarımı və valideynlərimi xilas edin. Dubayda həyatımız üçün çox qorxuram".
Məlumat üçün qeyd edək ki, Zeynəb Cavadlı 2000-ci illərdə Azərbaycanı bədii gimnastika üzrə beynəlxalq yarışlarda təmsil edib. O, Dubayın hakim ailəsinin üzvü Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumla ailə qurduqdan sonra BƏƏ-də yaşamağa başlayıb. Cütlüyün üç qızı var.
Xatırladaq ki, keçmiş Azərbaycan gimnastı Zeynəb Cavadlının anası Səbinə Cavadlı bir müddət əvvəl qızının və nəvələrinin itkin düşməsi ilə bağlı videomüraciət ünvanlamışdı.