İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan 2030-cu il dünya çempionatının final matçının başqa ölkədə keçirilməsinə razı olmayacaqlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, federasiya rəhbəri "El Chiringuito"ya müsahibəsində həlledici qarşılaşmanın İspaniyada təşkilinin prinsipial məsələ olduğunu vurğulayıb.
"Bu, müzakirə mövzusu deyil. Düşünürəm ki, məsul şəxslər və FIFA-nın 20-dən çox texniki mütəxəssisdən ibarət qrupu sağlam düşüncə və məntiq baxımından bu dünya çempionatının Avropa turniri olduğunu anlayırlar. Buna görə də final, şübhəsiz, burada keçirilməlidir", - deyə Luzan bildirib.
Onun sözlərinə görə, FIFA-da finalın keçiriləcəyi məkanla bağlı məsələnin daha əvvəl həll olunmamasından təəssüflənirlər. Bununla belə, həm təşkilatda, həm də İspaniyada qarşıdan gələn seçkilər yekun qərarın qəbulunu çətinləşdirir.
Luzan İspaniya Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoonun açıqlamasına da münasibət bildirib. Siyasətçi daha əvvəl finalın keçirilməsi hüququ İspaniyaya verilməyəcəyi təqdirdə ölkənin mundialın təşkilindən imtina etməsini təklif etmişdi.
Federasiya prezidenti isə belə bir ehtimalı qəti şəkildə istisna edərək İspaniyanın turnirə ev sahibliyindən imtina etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. İlk dünya çempionatının 100 illiyi münasibətilə Uruqvay, Argentina və Paraqvayda da hərəyə bir oyun keçiriləcək.