"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
İdman.Biz Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı italiyalı mütəxəssis London klubunun uğursuz mövsüm başlanğıcından sonra göstərdiyi nəticələrə görə fərdi mükafata layiq görülüb.
"Tottenhem" oktyabr ayına turnir cədvəlinin sonuncu pilləsində başlayıb. İlk beş turda qələbə qazana bilməyən komanda ötən ay keçirdiyi dörd qarşılaşmada üç qələbə və bir heç-heçə əldə edərək mümkün 12 xaldan 10-nu toplayıb. Bununla da London təmsilçisi turnir cədvəlinin ilk onluğuna yüksəlib.
De Zerbinin komandası əvvəlcə "Mançester Yunayted"lə səfər görüşündə azlıqda qalmasına baxmayaraq, son dəqiqələrdə hesabı bərabərləşdirərək 1:1 hesablı heç-heçəyə nail olub. Ardınca "Koventri Siti" üzərində 3:1 hesablı qələbə qazanılıb.
London təmsilçisi daha sonra "Çelsi"ni səfərdə 2:0 hesabı ilə məğlub edib. Bu, "Tottenhem"in son 36 ildə "Stemford Bric" stadionunda Premyer Liqa çərçivəsində qazandığı cəmi ikinci qələbə olub. Komanda ayın son görüşündə "Kristal Palas"ı da eyni hesabla üstələyib.
De Zerbi mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Unai Emeri ("Aston Villa"), Xabi Alonso ("Çelsi"), Marko Roze ("Bornmut") və Fabian Hürtseleri ("Brayton") qabaqlayıb. Qalib azarkeşlərin səsləri və ekspertlərdən ibarət komissiyanın qiymətləndirməsi əsasında müəyyənləşib.
İtaliyalı mütəxəssis məşqçilik karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşısı seçilib. O, həmçinin 2023-cü ilin oktyabrında bu mükafatı qazanan Ange Postekoqludan sonra fərqlənən ilk "Tottenhem" baş məşqçisi olub.
Qeyd edək ki, De Zerbi daha əvvəl "Brayton", Donetsk "Şaxtyor"u və "Marsel"də çalışıb. Onun rəhbərliyi altında "Brayton" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.