AFFA Ermənistan - Kipr oyununda tribunalarda nümayiş etdirilən təxribat xarakterli pankart və simvollarla bağlı UEFA-ya rəsmi etiraz məktubu göndərib.
İdman.Biz xəbər verir ki, insident noyabrın 12-də UEFA Millətlər Liqasının C2 qrupunun beşinci turu çərçivəsində keçirilən qarşılaşmada baş verib.
AFFA-nın açıqlamasına görə, tribunada Azərbaycan ərazisində qanunsuz yaradılmış keçmiş qondarma separatçı rejimin adı və bayrağı nümayiş etdirilib. Assosiasiya mövcudluğuna son qoyulmuş qondarma rejimin rəmzlərinin beynəlxalq futbol oyununda nümayiş etdirilməsini qəbuledilməz adlandırıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin imzaladığı məktubda vurğulanıb ki, UEFA-nın İntizam Qaydaları stadionlarda siyasi, ideoloji, dini və təxribat xarakterli söz və ifadələrdən istifadəni qadağan edir. Separatçı rəmzlərin koordinasiyalı şəkildə nümayiş etdirilməsi isə UEFA turnirlərindən siyasi təbliğat vasitəsi kimi istifadə cəhdi kimi qiymətləndirilib.
"Qeyd edilənləri nəzərə alaraq AFFA bu insidenti araşdırmağa, onunla əlaqədar intizam tədbirləri görməyə və gələcəkdə oxşar insidentlərin qarşısını almağa çağırır", - deyə məktubda bildirilib.