"Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettino ABŞ millisindən ayrılması ilə bağlı keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, 54 yaşlı argentinalı mütəxəssis İngiltərə klubunun təklifini qəbul etməyin karyerasında verdiyi ən çətin qərarlardan biri olduğunu etiraf edib.
Poçettino ABŞ Futbol Federasiyasına göstərilən dəstəyə görə təşəkkür edərək emosiyalarını gizlədə bilməyib: "İndi danışmaq çətindir. Mən çox emosional insanam. Bu, çox kədərli qərardır. Amma biz peşəkarıq və arzularımızı gerçəkləşdirməyə çalışırıq".
Yalnız yayda ABŞ millisi ilə yeni dördillik müqavilə imzalamasına baxmayaraq, qısa müddət sonra ayrılmaq qərarı verməsinə də münasibət bildirən baş məşqçi "Mançester Yunayted"in təklifindən imtina edə bilmədiyini açıqlayıb: "Mən heç vaxt geri qayıtmaq istədiyimi deməmişəm. Amma onlar da bilirlər ki, karyerada "Mançester Yunayted" kimi imkanlar çox nadir hallarda yaranır. Belə fürsət qarşına çıxanda ondan imtina etmək çətindir".
BBC-nin məlumatına görə, Mançester təmsilçisi Poçettinonun ABŞ millisi ilə müqaviləsinə xitam verilməsi üçün təxminən 7,4 milyon funt sterlinq ödəyib. Onun köməkçilərinin ayrılması üçün də əlavə vəsait xərclənib. Argentinalı mütəxəssislə iki il yarımlıq müqavilə imzalanıb.
Poçettino noyabrın 14-də və 18-də Haiti ilə keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında sonuncu dəfə ABŞ millisinə rəhbərlik edəcək. Bundan sonra İngiltərəyə yollanacaq.
O, "Mançester Yunayted"də istefaya göndərilən Maykl Karriki əvəzləyəcək. Komanda Premyer Liqada son 40 ilin ən uğursuz mövsüm başlanğıcını keçirərək 18-ci pilləyə düşüb. "Qırmızı şeytanlar" çempionatda son 10 oyunun yalnız birində qalib gəlib və sonuncu yerdəki "Sanderlend"i cəmi bir xal qabaqlayır.
Poçettinonun yeni komandasında ilk sınağı noyabrın 22-də "Liverpul"la səfər qarşılaşması olacaq.
Qeyd edək ki, argentinalı mütəxəssis son 10 ildə bir neçə dəfə "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə namizəd olub. Klub rəhbərliyi 2016, 2018, 2022 və 2024-cü illərdə onun təyinatını nəzərdən keçirsə də, hər dəfə başqa mütəxəssisə üstünlük verib.