"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş istefaya göndərilən baş məşqçi Maykl Karriklə bağlı paylaşımından sonra azarkeşlərin sərt tənqidinə məruz qalıb.
İdman.Biz "Foot Mercato"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ingiltərəli mütəxəssisin istefasının rəsmən açıqlanmasından bir neçə saat sonra sosial şəbəkədə onunla birgə fotosunu paylaşaraq yazıb: "Hər şey üçün təşəkkür edirəm, məşqçi".
Lakin bu vida mesajı "qırmızı şeytanlar"ın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar bir neçə həftə əvvəl Karrikin taktikasını açıq şəkildə tənqid edən Fernandeşi ikiüzlülükdə ittiham ediblər.
Tərəfdarlardan biri paylaşımın altında yazıb: "Nə həyasızlıq! Bütün mövsüm ərzində bərbad oynamısan, indi isə məşqçiyə təşəkkür etməyə üzün də gəlir?"
Digər azarkeş isə kapitanı baş məşqçinin istefasında günahlandırıb: "Əvvəlcə Karrikin göndərilməsinə səbəb oldun, indi isə özünü kədərlənmiş kimi göstərirsən".
Narazılığın kökündə oktyabr ayında baş verən hadisələr dayanır. "Mançester Yunayted" Çempionlar Liqasında "Komo"ya 1:4 hesabı ilə uduzduqdan sonra Fernandeş komandanın taktiki yanaşmasını tənqid etmiş, məşqçilər korpusunu daha cəsarətli olmağa və risk etməyə çağırmışdı.
Həmin açıqlamadan sonra Karrik portuqaliyalı futbolçunu "Bornmut"la Premyer Liqa qarşılaşmasında start heyətindən kənarda saxlamışdı.