"Bütün diqqətimizi "Neftçi" ilə oyuna yönəltmişik. Şənbə günü keçiriləcək matçdan qələbə ilə ayrılmağı düşünürük". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın idman direktoru İqor Ponomaryov deyib.
Klubun həm də Müşahidə Şurasının üzvü əsas məqsədlərinin mövsümü mükafatçılar sırasında bitirmək olduğunu da bildirib: "Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq. "Sabah" camiəsi olaraq məsuliyyətimizi dərk edirik. "Ağ-qaralar"la qarşılaşma tək mövsümün sonuncu görüşü kimi yadda qalmayacaq. Bu görüşdə həm də cari "futbol ili"nin yekununda mükafatçılar sırasında olub-olmayacağımıza aydınlıq gələcək. İnanıram ki, 90 dəqiqənin tamamında sevinən tərəf məhz biz olacağıq".
Qeyd edək ki, "Neftçi" – "Sabah" görüşü mayın 25-də "Neftçi Arena"da keçiriləcək. Oyunun start fiti saat 19:00-da səslənəcək.