Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilk bədii televiziya serialı olan "Day 1s" layihəsinin çəkilişlərinə başlanıldığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, 41 yaşlı ulduz bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ronaldu layihədə həm icraçı prodüser, həm də aktyor kimi iştirak edəcək. Serial futbol dünyasının pərdəarxası hadisələrindən, oyunçu transferlərindən və agentlərin fəaliyyətindən bəhs edəcək.
Ekran əsərinin əsas qəhrəmanı Stenli Dalton adlı futbol agentidir. Bu obrazı "Homeland" və "Billions" seriallarından tanınan britaniyalı aktyor Demian Lyuis canlandıracaq.
Layihə Ronaldu ilə britaniyalı rejissor Metyu Vonun təsis etdikləri "UR Marv Studios" şirkəti tərəfindən hazırlanır. Serialda Fransanın əfsanəvi futbolçusu Tyerri Anri və britaniyalı reper Deyvin də iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Ronaldu noyabrın 11-də layihənin istehsalına başlanıldığını açıqlayıb. Serialın yayımlanacağı platforma və premyera tarixi hələ müəyyənləşməyib.