Azərbaycan boksçusu Gülər Hüseynovanın Dakar-2026-da final rəqibi Qrenyellis Qarsiya həlledici döyüş öncəsi qələbəyə əmin olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan Venesuela təmsilçisi rəqibinin kimliyindən asılı olmayaraq qızıl medal qazanacağına inandığını deyib:
"Növbəti döyüşdə kiminlə qarşılaşacağım önəmli deyil, çünki bilirəm ki, qələbə mənimdir".
Qarsiya finala yüksəlməkdən qürur duyduğunu və ölkəsinə qızıl medalla qayıtmaq istədiyini vurğulayıb. O, qalib gələcəyi təqdirdə, Venesuelaya Yeniyetmələrin Olimpiya Oyunlarında boks üzrə ilk qızıl medalı qazandıracaq.
Boksçular bundan əvvəl Monteneqronun Budva şəhərində keçirilmiş U-19 dünya çempionatının 1/4 finalında qarşılaşıblar. Həmin döyüşdə Qarsiya Hüseynovanı 5:0 hesabı ilə məğlub edib və yarışı bürünc medalla başa vurub. Venesuelalı idmançı bu dəfə daha yüksək nəticə əldə etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Gülər Hüseynova yarımfinalda kanadalı Mehrin Xananı 5:0 hesabı ilə üstələyib. Təmsilçimizin Qarsiya ilə final döyüşü bu gün, noyabrın 12-də keçiriləcək.