İspaniyanın "Barselona" futbol klubu "Kamp Nou" stadionunda qeyri-adi layihə həyata keçirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi futbol meydançasından cəmi bir neçə metr aralıda kolumbarium - kremasiya edilmiş insanların külünün xüsusi qablarda saxlanıldığı məkan yaradacaq.
"Memorial FC Barcelona" adlandırılan kompleks 1500 kvadratmetr ərazini əhatə edəcək. Burada 26 min xüsusi saxlama yeri və 9000 xatirə lövhəsi nəzərdə tutulur.
Klub azarkeşlərə üç fərqli tarif təklif edəcək:
10 il - 2490 avro (4955 AZN)
25 il - 4990 avro (9930 AZN)
50 il - 5990 avro (11920 AZN)
Bundan əlavə, illik xidmət haqqı 70 avro (139 AZN) təşkil edəcək. Kül qabı və sənədləşmə üçün ayrıca 180 avro (358 AZN) ödəniləcək.
Maraqlıdır ki, xidmətdən yararlanmaq üçün "Barselona"nın rəsmi üzvü olmaq tələb edilmir. Dünyanın istənilən ölkəsindən müraciət etmək mümkündür.
Kompleksin 2027-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Azarkeşlər indidən yer rezervasiya edə bilərlər.
Qeyd edək ki, memorial kompleks stadionun yenidən qurulması layihəsinin tərkib hissəsidir.