Fransada PSJ çempionluğun əsas favoritlərindən biri olduğunu təsdiqləsə də, Fransada getdikcə daha çox diqqət paytaxtın digər klubuna yönəlir. "Paris" 11 turdan sonra ikinci pillədə qərarlaşıb və adlı-sanlı qonşusundan cəmi üç xal geri qalır.
İdman.Biz xəbər verir ki, Liqa 1-in XII turu ərəfəsində PSJ-nin aktivində 26, "Paris"in isə 23 xal var. Növbəti pillələrdə "Lill" (21), "Lion" (20), "Marsel" və "Brest" (hərəyə 18) qərarlaşıb. Daha üç komanda – "Nitsa", "Monako" və "Renn" isə 17 xal toplayıb.
Turnir cədvəlinin yuxarı hissəsindəki sıxlıq avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların hər xal itkisini daha da əhəmiyyətli edir.
"Brest" - "Paris"
Turun açılış qarşılaşmasında çempionatda ardıcıl üç qələbə qazanan iki komanda üz-üzə gələcək.
"Brest" ardıcıl olaraq "Loryan"ı (2:0), "Lion"u (2:0) və "Strasbur"u (1:0) məğlub edib. "Paris" isə əvvəlki turda "Anje"ni 4:0 hesabı ilə darmadağın edərək cari mövsümdə ən böyükhesablı qələbəsini qazanıb. Paytaxt klubu artıq üç oyundur qapısından qol buraxmır.
Qarşılaşmaya xüsusi maraq qatan məqamlardan biri də əvvəllər "Brest"də çıxış etmiş, hazırda isə "Paris"in formasını geyinən yarımmüdafiəçi Pyer Le-Melunun sabiq komandasına qarşı meydana çıxmasıdır.
Meydan sahiblərinə Brendan Şardonne və Rafael Le Gen kömək edə bilməyəcək. Birinci futbolçu artıq ümumi qrupda məşqlərə başlasa da, hələ əsas heyətə qayıtmağa hazır deyil. Bununla yanaşı, Kamori Dumbiya sağalıb. "Paris"də isə ciddi kadr problemi yoxdur. Yalnız Noa Sangi bərpa prosesini davam etdirir.
Qeyd edək ki, "Paris" ötən mövsüm "Brest"lə çempionat çərçivəsində keçirdiyi hər iki oyunda qalib gəlib. Bu dəfə də uğur qazansalar, Liam Rozényorun yetirmələri ən azı bir günlük xal sayında PSJ-yə çatacaqlar.
PSJ - "Loryan"
Fransanın hazırkı çempionu Liqa 1-də ardıcıl səkkiz qələbə qazansa da, bu həftə Çempionlar Liqasında İtaliyanın "Roma" klubu ilə 2:2 hesablı heç-heçə edərək bütün turnirlərdəki qələbə seriyasına son qoyub.
Luis Enrikenin komandası üçün hücum xəttinin iki aparıcı futbolçusunun zədələnməsi ciddi itki olub. Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması səbəbindən əməliyyat olunub. Dezire Due də əvvəlki turda "Nitsa" ilə görüşdə (3:2) eyni zədəni alıb. Belə vəziyyətdə Usman Dembelenin sıraya qayıtması xüsusilə vaxtında olub. O, artıq "Roma"nın qapısına qol vurmağa da macal tapıb.
Turnir cədvəlində 10-cu yerdə qərarlaşmasına baxmayaraq, "Loryan" çempionatın ikinci ən etibarlı müdafiə xəttinə malikdir. Komanda 11 oyunda cəmi 9 qol buraxıb. Bundan əlavə, Liqa 1-də son altı səfər matçının beşində qapısını toxunulmaz saxlayıb.
Qonaqların da heyətində itkilər var. Panos Katsiris, Bandiugu Fadiqa və Məhəmməd Bamba sıradan çıxıb. Müdafiəçi İsaak Turenin meydana çıxıb-çıxmayacağı isə sual altındadır.
Maraqlıdır ki, PSJ "Loryan"la son beş qarşılaşmasının yalnız birində qələbə qazanıb. Bu oyunlardan birində məğlub olan Paris klubu üç dəfə də heç-heçə edib. Ötən mövsüm komandalar arasında keçirilən hər iki görüş heç-heçə ilə başa çatıb.
"Le-Man" – "Lill"
Hər iki komanda son günlərdə fərqli səviyyələrdə diqqətçəkən nəticələrə imza atıb.
"Le-Man" əvvəlki turda səfərdə "Marsel"lə qarşılaşmada möhtəşəm geridönüş edib. Görüşün gedişində 0:2 hesabı ilə geridə olan komanda sonda 3:2 hesablı qələbə qazanıb. Həlledici qolu Jan Verkruys əlavə olunmuş vaxtın beşinci dəqiqəsində vurub. Bu, yüksək liqanın debütantının cari çempionatda ikinci qələbəsi olub.
Əvvəlki turda "Lion"a 0:1 hesabı ilə uduzan "Lill" isə çərşənbə günü Çempionlar Liqasında Münhen "Bavariya"sını 2:1 hesabı ilə məğlub edib. Davide Ançelottinin yetirmələri Fransa çempionatının da ən etibarlı müdafiə xəttinə malikdir. Komanda 11 oyunda cəmi 8 qol buraxıb.
Qarşıdakı matçda qonaqlara Tangi Nyanzu, Həmzə İqaman və Tiaqo Santuş kömək edə bilməyəcək. Meydan sahiblərinin zədəli futbolçuları arasında isə Marten Rossinyol, Adil Burabaa və Jibril Sidibe var.
"Lill"in xeyrinə olan maraqlı statistika da diqqət çəkir. Komanda yüksək liqanın debütantlarına qarşı son 23 çempionat matçında cəmi bir dəfə məğlub olub. Bu görüşlərin 18-də qələbə qazanan "Lill" dörd dəfə heç-heçə edib. Yeganə məğlubiyyət 2024-cü ilin sentyabrında "Sent-Etyen"lə oyunda qeydə alınıb – 0:1.
"Lion" – "Monako"
Turun sonuncu və mərkəzi qarşılaşmalarından biri komandalar üçün yubiley xarakteri daşıyacaq. Rəqiblər Fransa çempionatının yüksək divizionunda 120-ci dəfə üz-üzə gələcəklər. İndiyədək üstünlük 50 qələbə qazanan "Monako"nun tərəfindədir. "Lion" 45 dəfə qalib gəlib, 24 görüş isə heç-heçə ilə başa çatıb.
Baş məşqçi dəyişikliyi "Lion"a ilk oyundaca müsbət nəticə qazandırıb. İspaniyalı mütəxəssis Karlos Visensin rəhbərliyi altında komanda səfərdə "Lill"i 1:0 hesabı ilə məğlub edərək ilk üçlükdən geri qalmasını azaldıb. Bununla belə, lionlular cümə axşamı Avropa Liqasında Norveçin "Lillestrem" komandası ilə qolsuz heç-heçə ediblər.
"Monako"da isə əks vəziyyət müşahidə olunur. Komanda çempionatda artıq altı turdur qələbə qazana bilmir, lakin Konfrans Liqasında maksimum nəticə göstərir. Monakolular bu həftə Şotlandiyanın "Harts" klubunu səfərdə 3:2 hesabı ilə məğlub edərək avrokuboklarda ardıcıl dördüncü qələbəsini qazanıblar. Qalibiyyət qolunu Folarin Baloqun əlavə olunmuş vaxtda vurub.
Hər iki komandanın heyətində ciddi problemlər var. "Lion"da Tayler Morton, Pavel Şults və Məhəmməd Uedraoqo zədəlidir. Klinton Mata və Mats Bidstrupun meydana çıxması isə sual altındadır. Bununla yanaşı, belçikalı hücumçu Loa Openda artıq sıraya qayıdıb.
"Monako" diskvalifikasiya olunmuş Mamadu Kulibalinin, eləcə də zədəli Aleksandr Qolovin, Ansu Fati və Stanis İdumbonun xidmətindən yararlana bilməyəcək.
Maraqlıdır ki, "Lion" və "Monako" arasında çempionat çərçivəsində keçirilən son 22 qarşılaşmanın heç biri heç-heçə ilə başa çatmayıb. Son dörd görüşün üçünü monakolular qazanıb. Bununla belə, hazırda meydan amili "Lion"un xeyrinədir. Komanda çempionatda doğma meydanda ardıcıl dörd qələbə qazanıb.
Fransa Liqa 1
XII tur (Bakı vaxtı ilə)
27 noyabr
23:45. "Brest" – "Paris"
28 noyabr
20:15. "Anje" – "Lans"
23:45. "Havr" – "Strasbur"
23:45. "Le-Man" – "Lill"
23:45. "Nitsa" – "Trua"
23:45. PSJ – "Loryan"
29 noyabr
18:00. "Oser" – "Marsel"
20:15. "Tuluza" – "Renn"
23:45. "Lion" – "Monako"
Turnir cədvəli
Yer Komanda Xal
1 PSJ 26
2 "Paris" 23
3 "Lill" 21
4 "Lion" 20
5 "Marsel" 18
6 "Brest" 18
7 "Nitsa" 17
8 "Monako" 17
9 "Renn" 17
10 "Loryan" 16
11 "Lans" 14
12 "Tuluza" 14
13 "Le-Man" 11
14 "Trua" 11
15 "Oser" 11
16 "Strasbur" 10
17 "Anje" 8
18 "Havr" 2