"Sabah"ın futbolçusu Eyden Makkarti Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubunun əsas komandasında debüt etməzdən əvvəl keçdiyi çətin dövrü yada salıb. Sport24.az xəbər verir ki, 22 yaşlı müdafiəçi bu barədə "iDiski Times" nəşrinə açıqlamasında danışıb.
Afrikalı futbolçu "Kayzer Çifs"də əsas komandaya yüksəlmək üçün üç mövsüm gözləməli olduğunu bildirib. O, bu müddətdə üzləşdiyi çətinliklərə baxmayaraq, məqsədindən dönmədiyini vurğulayıb:
"Kayzer Çifs"də üç mövsüm gözləmək çətin idi. Düşünürəm ki, çoxları buna dözə bilməzdi və mənim keçdiyim yoldan keçməzdi. Evdə mənə böyük dəstək verən güclü bir ailəm var idi. Bu da mənə çox kömək etdi. Sadəcə bilirdim ki, bəzi şeylərə nəzarət edə bilsəm, qismətimdə olanlar məni tapacaq. Məni motivasiya edən isə daim daha yaxşısına nail olmaq istəyim və tükənməz həvəsim idi".
Müdafiəçi "Sabah"a transferinin necə reallaşdığını da xatırlayıb:
"2025/2026 mövsümünün sonuna yaxın "Kayzer Çifs"lə peşəkar müqavilə imzaladım. Müqaviləyə Avropaya transferimdə rol oynayan sərbəstqalma bəndi də daxil edilmişdi. Sonradan belə də oldu. Bununla bağlı çoxsaylı danışıqlar aparıldı, zənglər edildi. Bu proses mövsümlərarası fasilənin əvvəlindən təlim-məşq toplanışının başlanmasına qədər davam etdi. Nəhayət, sonda razılıq əldə olundu".