Futbol üzrə Misli Premyer Liqasının 12-ci turunda "Sabah"ı qəbul edəcək "Sumqayıt"ın heyətində itkilər müəyyənləşib.
Bu barədə "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə və hücumçusu Jeam Oliveyra qarşıdakı oyunda iştirak edə bilməyəcəklər.
"Cəzalı futbolçumuz yoxdur. Misli Premyer Liqasının yeddinci turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçusu Jeam Oliveyra isə altı-səkkiz həftə ərzində kollektivdən ayrı düşəcək", - deyə o, açıqlamasında bildirib.
Səbuhi Abdullazadənin də təxminən beş ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Yarımmüdafiəçi Misli Premyer Liqasının birinci turunda "Neftçi"yə qarşı keçirilən matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Daha sonra dəhlizdə əli ilə şüşəni sındıran futbolçunun ayağına böyük şüşə parçası düşüb və o, ciddi zədə alıb.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" qarşılaşması noyabrın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda "Sumqayıt" 10 xalla turnir cədvəlinin doqquzuncu, 21 xala malik "Sabah" isə ikinci pilləsində qərarlaşıb.