Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək qızlardan ibarət U-16 yığmasının üzvləri ilə görüşüb.
Bu barədə "Report"a AVF-dən məlumat verilib.
F.Qarayev bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli oyunçuların gələcəkdə əsas millinin heyətində yer alacaqlarına ümidini ifadə edib.
Vitse-prezident voleybolçulara hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. O, voleybolçuların yarışda uğurlu çıxış edəcəyinə inamını bildirmiş və onlara uğurlar arzulayıb.