İspaniyanın "Barselona" futbol komandası DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək finalına xüsusi paylaşım həsr edib.
İdman.Biz xəbər verir ki, klubun sosial şəbəkə hesabında yayımlanan posterdə İspaniya millisinin heyətində yer alan səkkiz "Barselona" futbolçusu ilə yanaşı, kataloniyalıların sabiq lideri Lionel Messi də təsvir olunub.

Paylaşım "Bir arzu. Nyu-York - son dayanacaq" sözləri ilə təqdim edilib.
Bundan əlavə, hazırlanan videoçarxda isə La Masiya yetirməsi olan Messi və Yamaldan bəhs edən görüntülər var. Video, "Dünya çempionatının finalına gedən yol "La Masiya"dan keçir" başlığı ilə paylaşılıb.
Final qarşılaşması bu gün ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, İspaniya yarımfinalda Fransanı 2:0, Argentina isə İngiltərəni 2:1 hesabı ilə məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.