Madrid "Atletiko"sunun hücumçusu Ademola Lukman ötən mövsümdəki məhsuldarlığını təkrarlaya bilmir. Nigeriyalı futbolçunun çıxışındakı geriləmə klubun 11 nömrəli formasının tarixçəsini yenidən gündəmə gətirib.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, ötən mövsüm 22 nömrəli forma ilə çıxış edən Lukman 24 oyunda doqquz qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya Kubokunun finalında, həmçinin La Liqada "Real Madrid" və "Barselona" ilə qarşılaşmalarda fərqlənib.
Lakin cari mövsümdə 11 nömrəli formanı götürən 29 yaşlı hücumçunun göstəriciləri xeyli zəifləyib. Lukman 15 matçda cəmi iki qol vurub və bir məhsuldar ötürmə edib.
Maraqlıdır ki, Dieqo Simeonenin "Atletiko"ya rəhbərlik etdiyi dövrdə 11 nömrəli forma ilə çıxış edən futbolçuların əksəriyyəti gözləntiləri doğrultmayıb. Bu baxımdan Arda Turan və Anxel Korrea istisna təşkil ediblər. Hər iki futbolçu sonradan 10 nömrəli formaya keçib.
Arda Turan 11 nömrəli formanı hələ Qreqorio Mansanonun rəhbərliyi dövründə geyinməyə başlayıb. Türkiyəli yarımmüdafiəçi Simeonenin gəlişindən sonra da bir müddət həmin nömrə ilə oynayıb və komandanın Avropa Liqasındakı uğurunda pay sahibi olub.
Korrea isə 2016/2017 və 2017/2018 mövsümlərində 11 nömrəli forma ilə çıxış edib. Argentinalı futbolçu həmin dövrdə əsas heyətdə möhkəmlənib və avrokubok sevinci yaşayıb. Daha sonra o da 10 nömrəni seçib.
Bununla yanaşı, Cekson Martines, Kristian Rodriqes, Raul Ximenes, Toma Lemar və Tyaqo Almada 11 nömrəli forma ilə gözləntiləri tam doğrulda bilməyən futbolçular sırasında göstərilir.
Xüsusilə Lemarın nümunəsi diqqət çəkir. Vaxtilə klub tarixinin ən bahalı transferi kimi Madridə gələn fransalı yarımmüdafiəçi altı il ərzində bu nömrəni daşıyıb. Onun 2020/2021 mövsümündəki uğurlu çıxışına baxmayaraq, ümumi performansı gözləntilərdən aşağı qiymətləndirilib.
İndi Lukmanın qarşısında əvvəlki məhsuldarlığını bərpa etmək və 11 nömrəli forma ilə bağlı uğursuz nümunələrdən birinə çevrilməmək vəzifəsi dayanır.