FIFA-nın qlobal futbol inkişafı departamentinin rəhbəri Arsen Vengerin təklif etdiyi yeni ofsayd qaydasının tətbiqi sual altına düşüb.
İdman.Biz "The Times" nəşrinə istinadən xəbər verir ki, Kanadanın Premyer Liqasında aparılan sınaqlar yeni qaydanın hücum futbolunun inkişafına gözlənilən töhfəni vermədiyini göstərib.
108 qarşılaşmanın təhlilinə əsasən, komandalar müdafiə xətlərini orta hesabla bir-üç metr geriyə çəkiblər. Ofsayd qərarlarının sayı 54 faiz azalsa da, yeni qayda sayəsində vurulan qolların sayı cəmi 13 olub.
Vengerin təklifinə əsasən, hücumçu yalnız başı, gövdəsi və ayaqları ikinci sonuncu müdafiəçidən tamamilə irəlidə olduğu halda ofsaydda sayılmalıdır. Futbolçunun qol vurmağa icazə verilən bədən üzvlərindən hər hansı biri müdafiəçi ilə eyni xətdə qalarsa, ofsayd qeydə alınmır.
Fransalı mütəxəssis bu dəyişikliklə hücum futbolunu daha cəlbedici etmək və qol imkanlarını artırmaq istəyirdi. Lakin sınaqlar zamanı komandaların daha dərindən müdafiə olunması əks nəticə yaradıb.
Məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) məsləhətçi qrupları yeni qaydanı dəstəkləməyiblər. Vengerin özünün də sınaqların nəticəsindən razı qalmadığı bildirilir.
Bununla belə, qaydanın rəsmən rədd edilməsi barədə yekun qərar yoxdur. Alternativ variant kimi ofsaydın müəyyənləşdirilməsində futbolçunun ayaqları deyil, yalnız gövdəsinin mövqeyinin nəzərə alınması müzakirə oluna bilər.
Qeyd edək ki, futbol qaydalarına dəyişikliklərin təsdiqlənməsi IFAB-ın illik ümumi yığıncağında həyata keçirilir.