Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun AFFA ilə müqaviləsinin müddəti dekabrda başa çatacaq.
İdman.Biz xəbər verir ki, mütəxəssis yeni müqavilə ilə bağlı məsələnin yaxın vaxtlarda müzakirə olunacağını açıqlayıb.
"Dekabr ayında AFFA ilə müqaviləm başa çatacaq. UEFA Millətlər Liqasından sonra bu məsələni müzakirə edəcəyimizi əvvəlcədən danışmışdıq. Bildiyiniz kimi, turnir yenicə başa çatıb. Yəqin ki, yaxın vaxtlarda bu barədə müzakirələr aparacağıq", - deyə Abbasov AZƏRTAC-a açıqlamasında bildirib.
Baş məşqçi AFFA rəhbərliyinin ona göstərdiyi dəstəyi də yüksək qiymətləndirib:
"Mənə inandılar və dəstək verdilər. Əlbəttə, çətin dövr idi. Fransa, Ukrayna və İslandiya ilə ağır oyunlarımız oldu. Həmin vaxt aramızdakı birlik və bir-birimizə inam futbolçulara da sirayət edirdi. Bütün turnirlərdə, oyunlarda, hətta məğlub olduğumuz və Lixtenşteynlə heç-heçə etdiyimiz görüşdə belə, futbolçuların və mənim yanımda oldular".
Ayxan Abbasov milli komandaya rəhbərlik etməyin onun üçün böyük qürur olduğunu vurğulayıb:
"Bir azərbaycanlı kimi fəxr edirəm ki, Azərbaycan millisinin baş məşqçisiyəm və komandamı bu oyunlara çıxarmışam. Gələcəkdə hər şey ola bilər. Amma mənə yaradılan şəraitdən çox razıyam".
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının B qrupunda dörd oyundan səkkiz xal toplayaraq birinci yeri tutub.