"Arsenal"ın sabiq baş məşqçisi, hazırda FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinə rəhbərlik edən Arsen Venger müasir futbolun inkişafı və hakimlik sistemindəki yeniliklərlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Bakıda səfərdə olan fransalı mütəxəssis "CBC Sport" telekanalına müsahibəsində müasir futbolçunun həm sağ, həm də sol ayağı ilə oynamağı bacarmalı olduğunu vurğulayıb.
Venger son dünya çempionatında futbol qaydalarında edilən dəyişiklikləri və VAR sisteminin tətbiqini müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu yeniliklər futbolun inkişafına müsbət təsir göstərir.
Təcrübəli mütəxəssis hesab edir ki, VAR artıq müasir futbolun ayrılmaz hissəsinə çevrilib və bu sistemdən imtina etmək mümkün deyil.
Qeyd edək ki, Venger Bakıya FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə əlaqədar gəlib.