"Ayxan Abbasov bizi bu barədə məlumatlandırmışdı. Litva ilə oyundan sonra baş məşqçinin mediaya açıqlamasında da Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinə yüksəlmək şansımızın olduğu qeyd edilmişdi. Hazırlıq prosesində də bu mövzunu bir neçə dəfə müzakirə etmişdik". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin və milli komandanın futbolçusu Rüfət Abbasov deyib.
Abbasov "Zirə" üzərində qazanılan 1:0 hesablı qələbəni də dəyərləndirib:
"Qələbədən sonra təəssüratlarım çox yaxşıdır. Maraqlı və gərgin oyun keçdi. Sonadək mübarizə apararaq vacib 3 xalı qazandıq. Hər zaman bizə dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm. Hədəfimiz dəyişməzdir: hər oyunda qələbə qazanmaq və mövsümün sonunda çempion olmaq. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Rüfət qarşılaşmanın sonunda futbolçular arasında yaşanan mübahisəyə də münasibət bildirib:
"Düşünürəm ki, kiçik bir mübahisə yaşandı. Lakin meydanın digər tərəfində olduğum üçün hadisəni dəqiq görə bilmədim. Futbolda belə hallar olur. Xüsusilə də gərgin və prinsipial qarşılaşmalarda. Bu oyunda üzərimizdə böyük təzyiq hiss edirdik".
21 yaşlı müdafiəçi mövsümün sonunda çempion olmaqla yanaşı, Azərbaycan Kubokunu da qazanaraq qızıl dubl etmək istədiklərini bildirib:
"Bizim üçün əsas hədəf çempionluqdur. Hər oyuna bu məqsədlə çıxırıq. Azərbaycan Kubokunu da qazanaraq mövsümü qızıl dubl ilə başa vurmaq istəyirik".
GÜNAY SÜLEYMANOVA