"Real" hesab edir ki, "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted" və "Tottenhem" klubları Avropa Superliqasının yaradılması ilə bağlı yaranan xərclərin bir hissəsini ödəməlidirlər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Superliqanın 12 təsisçi klubundan doqquzu, layihənin 2021-ci ilin aprelində elan edilməsindən cəmi bir neçə gün sonra ondan geri çəkildiklərini bəyan ediblər. Altı İngiltərə klubuna əlavə olaraq, bu qrupa Madrid "Atletiko"su, "Milan" və "İnter" də daxil idi. "Yuventus" 2023-cü ildə layihəni tərk edib, "Barselona" və "Real" isə qalıb. Üstəlik, bu iki klub 2026-cı ilin fevralında layihəyə sadiq qaldıqlarını rəsmən təsdiqləyiblər.
Layihənin hazırlanması və təşviqi üçün çəkilən ümumi xərclərin 80 milyon avro olduğu təxmin edilir. Hazırda bu xərclər "Real", "Barselona" və "Yuventus" tərəfindən qarşılanır.
"Real" iddia edir ki, İngiltərə klubları ilkin xərclərə görə hüquqi məsuliyyət daşımağa davam edirlər. Onların mövqeyi təsisçi klublar arasında layihənin birgə mülkiyyəti və idarə olunması ilə bağlı bağlanmış razılaşmaya əsaslanır.
İngiltərə klubları isə bu fikiri rədd edir. Onlar bildirirlər ki, Superliqadan ayrıldıqdan və sonradan ictimai şəkildə üzr istədikdən sonra öhdəliklərinə xitam verilib.