"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının doqquzuncu turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis komandasının qələbəyə layiq oyun nümayiş etdirdiyini, lakin qol imkanlarından yararlana bilmədiyini söyləyib.
"Paltardəyişmə otağında futbolçularıma cəhdlərinə görə təşəkkür etdim. Rəqib azlıqda qalana qədər də üstün tərəf idik. Çoxlu epizodlar əldə etdik, amma reallaşdıra bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik", - deyə Berdıyev bildirib.
Baş məşqçi heç-heçəni müsbət nəticə hesab etmədiyini vurğulayıb:
"Xal itirdik".
Buraxılan qolda qapıçının məsuliyyəti ilə bağlı suala da münasibət bildirən Berdıyev səhvin yalnız bir futbolçuya aid olmadığını qeyd edib:
"Buraxdığımız qolda bütün komandanın səhvi var idi".