Misli Premyer Liqasının IX turunda öz meydanında "Turan Tovuz"la 1:1 hesabı ilə bərabərləşən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– İlk 20 dəqiqə istədiyimiz oyunu göstərə bilmədik, demək olar ki, "Turan Tovuz" daha kəskin oynayırdı. Sonra isə müdafiəçimizin səhvi ucbatından azlıqda qaldıq. Maraqlıdır ki, azlıqda qaldıqdan sonra komanda sanki daha yaxşı oynamaya başladı. Hətta qol vurub fasiləyə üstün ayrıldıq. Belə rəqibə qarşı azlıqda mübarizə aparmaq həddindən artıq çətindir. Ona görə də oyun sistemimizi yenidən qurmalı olduq. Beş müdafiəçi, mərkəzdə üç nəfər və bir hücumçu ilə oynamağa başladıq. Demək olar ki, bütün mövqeləri bağlamışdıq və buraxdığımız qola qədər rəqibin real epizodu yox idi. Daha sonra top buraxdıq və ondan başqa rəqibin yalnız bir təhlükəli vəziyyəti oldu. Qapıçımız Emil Balayevə həmin epizodda bizi qoldan xilas etdiyinə görə təşəkkür edirəm. Bütün bunları nəzərə alsaq, ən azından bu gün uduzmadıq və turnir cədvəlində istədiyimiz yerdə qala bildik. "Sabah" və "Qarabağ"ın oyunu olacaq. Buna baxmayaraq, şəxsi fikrim odur ki, biz bu gün iki xal itirdik. Buna görə məni tənqid də edə bilərsiniz, amma mən istəyirəm ki, hər matçda qələbə qazanaq. İşləməyə və yolumuza davam edəcəyik.
– İqor Ribeyronun həmin epizodda belə qırmızı vərəqə almasına nə ehtiyac var idi?
– Həqiqətən bilmirəm bu suala necə cavab verim. Onların nə düşündüklərini anlaya bilmirəm. Niyə belə davrandıqlarını başa düşmək istəsəm də, futbolçuların düşüncələrini oxumaq imkanım yoxdur. Çox sadə bir epizod idi, niyə orada dayanırsan? Get başqa yerdə dur və topu oradan çıxart. Əgər müdafiədən danışırıqsa, o xətt üzərində həmişə hərəkətdə olmağı və piyada kimi gəzməməyi tələb edirik. Bizə irəli-geri qaçan müdafiə lazımdır. Həmin vəziyyətdə ciddi bir təzyiq də yox idi. Mən 10 aydır burada işləyirəm və görünür ki, pis işləmişəm. Daha çox çalışmalı olacağıq.
– Çempionatda əsas rəqiblərinizlə oyunların heç birində qələbə qazana bilməmisiniz. Çempionluq mübarizəsi aparan "Neftçi" üçün bu məqam baş məşqçini nə dərəcədə narahat edir?
– Hər zaman qələbə qazanmaq istəyirəm və bu məqam məni çox məyus edir. "Qarabağ"la matçda 3:1 hesabı ilə öndə olanda da, "Sabah"la görüşdə də qələbə qazanmaq şanslarımız var idi. Lakin müsbət tərəfi odur ki, belə oyunlarda uduzmuruq və onlarla yan-yana gedirik.
– Milli fasilədən sonra keçirilən ən zəif oyunlardan biri idi. Daha çox müdafiəyə qapanan "Neftçi" üçün Jubitananı oyuna daha tez daxil etmək daha faydalı olmazdı?
– Təbii ki, bu, sizin şəxsi fikrinizdir və hər kəs düşüncəsini dilə gətirə bilər. Mənim isə vəzifəm başqadır. "Qarabağ", "Sabah", "Turan Tovuz" kimi komandalar ötən mövsüm ən çox qol vuran kollektivlər idi. Yadınızdadırsa, "Qarabağ"la açıq futbol oynamışdıq və hesab 1:5 olmuşdu. Müdafiə futbolunu seçməkdə öz səbəblərimiz var. Buna baxmayaraq, həmin "Qarabağ" oyununda da üç qol vura bilmişdik, təkcə "Sabah"a qol vurmaq alınmamışdı.
– Emin Mahmudovun son turlarda oynamamasının səbəbi nədir?
– Onun kiçik mikrotravması var. Hətta onu iştirak ərizəsinə də daxil etməmişik.
– İqorun "Turan Tovuz"a qarşı artıq üçüncü qırmızı vərəqəsidir. Bu, təsadüfdür, yoxsa həmin komandaya qarşı xüsusi aqressiyası var?
– Mən deməzdim ki, İqorun onlara qarşı aqressiyası var. Müdafiəçinin öz səhvi oldu. O, dayanmadan, topun üstünə daha tez getməli idi. Düşünmürəm ki, qəsdən bu qədər sərt oynamaq istəmirdi. Dünən Ukrayna çempionatında keçirilən oyunda da yetirmələrimədən biri çox ağır zədə alıb, hətta kəllə sümüyündə çat yaranıb. Orada da heç bir aqressiya yox idi, sadəcə başları toqquşmuşdu.
– Ölkəmizdə U-15 Dünya Çempionatı və Festivalı keçirilir. Planlarınızda ora qısa müddətə də olsa baş çəkib matçları izləmək var?
– Bunun üçün qrafiki öyrənmək lazımdır. Amma o qədər işim var ki, bunu etmək çox çətindir. Səhər saat 9-da bazaya gəlirəm, axşam 7-də çıxıram. Bəzi məşqçilərimiz hətta gecə 11-12-də gedirlər. Rəqiblərimizi öyrənməli və onları təhlil etməliyik. Əslində təhlillərimiz çox yaxşı alınır, sadəcə bəzi oyunçularımızın niyə buna qulaq asmadığını anlamıram. "Neftçi" çoxdilli komandadır; burada ispan, ingilis və digər dillərdə danışan futbolçular var. Tərcüməçilərimiz çox yaxşı işləsə də, bəzi şeylərin niyə anlaşılmadığını başa düşə bilmirəm. Üç dili eyni anda öyrənmək çox çətindir, amma ən çox Azərbaycan dilini öyrənmək istəyirəm, çünki burada yaşayıram.