Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının ilk oyun günü bir sıra böyükhesablı qələbələr və gözlənilməz nəticələrlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, indiyədək ən böyük hesab Kosta-Rika və Kurasao yığmalarının qarşılaşmasında qeydə alınıb. Kosta-Rika futbolçuları rəqib qapısından 17 cavabsız top keçiriblər – 17:0. Maraqlıdır ki, bunun üçün onlara cəmi 40 dəqiqə oyun vaxtı kifayət edib.
Honduras yığması da rəqibinə aman verməyərək Amerika Samoasını 16:0 hesabı ilə darmadağın edib. Daha iki görüş eyni nəticə ilə – 12:0 hesabı ilə başa çatıb. Rusiya Sudanı, Litva isə Butanı bu hesabla məğlub edib.
Diqqətçəkən məqam odur ki, Litva futbolçularının böyükhesablı qələbəsini FIFA prezidenti Canni İnfantino şəxsən tribunadan izləyib. Litva Futbol Federasiyasının məlumatına görə, Baltikyanı ölkənin təmsilçiləri birinci hissədə beş, fasilədən sonra isə daha yeddi qol vurublar. Emilis Strijinas het-trikə imza atıb.
Ən məhsuldar qarşılaşmalar sırasında Türkiyənin Cibuti üzərində 11:1, Slovakiyanın Samoa üzərində 10:0 və Yamaykanın ABŞ Virgin adaları üzərində 9:0 hesablı qələbələri də yer alıb.
Braziliya Qvineya-Bisaunu, Cənubi Afrika Respublikası Maldiv adalarını, Misir Makaonu, Namibiya isə San-Tome və Prinsipini eyni hesabla – 8:0 məğlub edib.
Qeyd edək ki, Bakı mundialında ilk böyükhesablı qələbə İndoneziya və Fici yığmalarının görüşündə qeydə alınıb. İndoneziyalılar həmin qarşılaşmada 7:1 hesabı ilə qalib gəliblər.
İlk oyun günü sensasiyalarsız da ötüşməyib. Argentina yığması gözlənilmədən Əlcəzairə 0:1 hesabı ilə uduzub. Uruqvay da eyni hesabla Moldovaya məğlub olub. Bu qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə Tudor Brınze vurub.
Digər gözlənilməz nəticələr arasında Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Koreya üzərində 1:0 hesablı qələbəsini, Yunanıstanın Xorvatiyanı 4:1 hesabı ilə məğlub etməsini, eləcə də Uelsin Banqladeşlə qolsuz heç-heçəsini (0:0) qeyd etmək olar. Bundan başqa, Nigeriya Cənubi Sudanı məğlub edə bilməyib – 3:3.
Xatırladaq ki, tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçirilir. Yarışda 189 milli komanda iştirak edir. Görüşlər 8-ə 8 formatında oynanılır və hər biri 20 dəqiqə davam edən iki hissədən ibarətdir.