Qadın həndbol klubu "Kür" bu gün, noyabrın 13-də EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, turnirin üçüncü mərhələsində Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə uğrunda Şimali Makedoniyanın paytaxtı Skopyenin eyniadlı rayonunu təmsil edən "Çair" klubu ilə qarşılaşacaq.
"Kür" bu mərhələyə inamlı qələbələrlə yüksəlib. Mingəçevir təmsilçisi Kiprin APOEL klubunu hər iki görüşdə məğlub edib – 40:18 və 39:13. "Çair" isə birbaşa üçüncü mərhələdən mübarizəyə başlayıb. Bununla belə, Azərbaycan klubunun rəqibi Avropa arenasında kifayət qədər təcrübəyə malikdir. Komanda 2020/21 mövsümündən etibarən avrokuboklarda iştirak edir və mütəmadi olaraq ölkə çempionatının liderləri sırasında yer alır.
"Çair"in böyük titulları olmasa da, komanda iki dəfə Şimali Makedoniya Kubokunun finalına yüksəlib. Bu, 2024 və 2025-ci illərdə baş verib. Klubun ilk dəfə finala vəsiqə qazanması tarixi hadisə olub. "Çair" həlledici görüşə gedən yolda daha təcrübəli "Vardar"ı 32:28 hesabı ilə məğlub etsə də, finalda "Gyorçe Petrov"a 24:36 hesabı ilə uduzub. Bir il sonra komandalar yenidən finalda qarşılaşıblar. Nəticə bu dəfə də dəyişməyib və "Çair" 19:36 hesabı ilə məğlub olub.
Ötən mövsüm Şimali Makedoniya çempionatında da gümüş medal qazanan komanda birinciliyi yenə "Gyorçe Petrov"a uduzub. Lakin ölkə kubokunda eyni uğuru təkrarlaya bilməyib. Bu dəfə "Çair" yarımfinalda "Spartak"a minimal fərqlə – 23:24 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Şimali Makedoniya klubunun Azərbaycan həndbolu ilə də birbaşa əlaqəsi var. Söhbət vaxtilə hər iki komandanın formasını geyinmiş oyunqurucu Leonora Rahmanidən gedir. O, 2020/21–2023/24 mövsümlərində "Çair"in heyətində avrokuboklarda çıxış edib. 2024-cü ilin mayında isə Şimali Makedoniya Kubokunun final mərhələsinin ən məhsuldar oyunçusu olub.
Daha sonra Rahmani "Kür"ə keçib və 2024/25 mövsümündə Avropa Kubokunda Mingəçevir təmsilçisinin heyətində mübarizə aparıb. Həndbolçu Yunanıstanın "İonias" klubu ilə iki oyunda yeddi qol vurub. 2025-ci ilin yayında "Kür"dən ayrılan Rahmani hazırda Kosovonun "Samadredja" klubunda çıxış edir.
"Çair"in avrokuboklardakı nəticələrinə gəlincə, komanda üçün ən uğurlu mövsüm 2024/25 olub. Həmin vaxt klub tarixində ilk dəfə EHF Avropa Kubokunun 1/8 finalına yüksəlib.
Şimali Makedoniya təmsilçisi mübarizəyə ikinci mərhələdən başlayıb və Lüksemburqun "Kerjenq" klubunu hər iki görüşdə məğlub edib – 26:24 və 32:26. Daha sonra Portuqaliyanın "Kolejiu Qaya" komandası ilə qarşılaşan "Çair" bu dəfə də hər iki oyunda qələbə qazanıb – 29:25 və 28:26. Beləliklə, ardıcıl dörd qələbə qazanan komanda tarixində ilk dəfə turnirin 16 ən güclü klubu sırasına düşüb.
1/8 finalda Şimali Makedoniya təmsilçisinin rəqibi Praqanın "Slaviya" klubu olub. "Çair" hər iki görüşdə məğlubiyyətlə üzləşib – 20:31 və 29:33. Bununla da komanda dörd qələbə və iki məğlubiyyətlə yadda qalan avrokubok mövsümünü başa vurub.
"Kür"lə qarşılaşmalar öncəsi "Çair" ölkə çempionatının liderlərindən biridir. Komanda Superliqada 12 xalla ikinci pillədə qərarlaşıb. Son ölkə çempionu "Gyorçe Petrov" isə ondan üç xal öndədir.
Son oyunlar göstərir ki, "Çair" üstünlüyünü sona qədər qorumaqda çətinlik çəkə bilir. Belə ki, "Gyorçe Petrov"la öz meydanında keçirdiyi görüşdə 19:17 hesabı ilə öndə olan komanda qarşılaşmanın son 10 dəqiqəsində qol vura bilməyib. Rəqib isə bundan yararlanaraq hesabı bərabərləşdirib – 19:19. "Çair"in heyətində Nura Mahmud beş, Mixayela Kraleva isə dörd qol vurub.
Şimali Makedoniya klubu əlavə oyun təcrübəsini bir neçə Balkan ölkəsinin komandalarını birləşdirən Qadınların Regional Həndbol Liqasında (WRHL) qazanır. Bununla belə, komandanın həmin turnirdəki nəticələri hələlik ürəkaçan deyil. "Çair" Serbiyanın "Bor" klubuna 26:33, Niş şəhərini təmsil edən "Naisa"ya 19:20 hesabı ilə uduzub, Monteneqronun "Stars-Lavitse" komandası ilə isə 27:27 hesablı heç-heçə edib.
Regional liqada iştirak komandaya Balkan ölkələrinin digər təmsilçiləri ilə mütəmadi qarşılaşmaq və oyun təcrübəsini artırmaq imkanı verir. Bu baxımdan "Çair"in "Kür"lə müqayisədə müəyyən üstünlüyü var. Çünki Mingəçevir klubu cari mövsümdə əsasən avrokubok oyunları ilə kifayətlənməli olur.
Azərbaycan həndbolunda yaşanan böhran və ölkə çempionatının keçirilməməsi fonunda "Kür" ölkədə fəaliyyətini davam etdirən yeganə klub olaraq qalır. Nəticədə komanda müntəzəm oyun praktikasından məhrumdur. Beynəlxalq görüşlər isə onun üçün yarış ritmini qorumağın əsas vasitəsinə çevrilib.
İki komandanın daha bir ortaq cəhəti var. EHF Avropa Liqasının təsnifat mərhələsində "Gyorçe Petrov"un mübarizəni dayandırmasından sonra "Çair" də qadınlar arasında avrokuboklarda ölkəsinin yeganə təmsilçisi olub. Beləliklə, qarşıdakı oyunlar təkcə klublar üçün deyil, həm də Azərbaycan və Şimali Makedoniyanın Avropa arenasında təmsil olunması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, komandalar arasında hər iki görüş Mingəçevirdə, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Oyunlar saat 17:00-da başlayacaq. İlk qarşılaşma noyabrın 13-də, cavab görüşü isə noyabrın 15-də baş tutacaq.