Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın Belçikaya məğlubiyyətdən sonra komandasının oyununu yaxşılaşdırmaq üçün zamana ehtiyac duyduqlarını bildirib.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis UEFA Millətlər Liqasında 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında hazırlıq müddətinin qısalığına diqqət çəkib:
"Bu oyuna iki məşqlə çıxdıq. İki-üç gün sonra daha bir çox çətin qarşılaşmamız olacaq".
Yalçın futbolçuların mübarizəsindən razı qaldığını söyləyib:
"Komandanın mübarizəsindən və oyunun müəyyən hissələrindən razıyıq. Bunu daha uzun müddətə yaymalıyıq. Zamanla toparlanacağıq. Futbolçularla birlikdə bu problemi həll edə bilərik".
Baş məşqçi Oğuz Aydını sağ cinah müdafiəçisi mövqeyində oynatmasına da aydınlıq gətirib:
"Oğuz sürətli, güclü və daha mübarizdir. Daha yaxşı müqavimət göstərəcəyini düşündüm. Ondan razıyam, oynadığı müddətdə yaxşı çıxış etdi".
Yalçın Kevin De Brüynenin Türkiyə millisində demək olar hər şeyi Arda Gülərin təkbaşına etdiyi barədə fikrinə də münasibət bildirib:
"Digər futbolçularımız da Arda ilə birlikdə həll yolları tapmaqda bizə kömək etməlidirlər. O, üzərinə düşən məsuliyyəti götürür, bu gün də götürdü".