"Sabah"ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına qarşı keçirilən oyunda vurduğu qolu karyerasının ən yaddaqalan hadisələrindən biri hesab edir.
İdman.Biz xəbər verir ki, Cənubi Afrikadan olan futbolçu 1:2 hesablı məğlubiyyətdən sonra nəticədən məyusluğunu gizlətməyib.
"Əlbəttə, nəticə bizim üçün yaxşı deyil. Bu oyundan öyrənəcəyimiz çox şey var. Amma UEFA Çempionlar Liqasında ilk qolumu vurmağım və bunu "Sabah"ın heyətində etməyim mənim üçün çox böyük hadisədir. Bu, karyeramda xüsusi yer tutacaq və heç vaxt unutmayacağım anlardandır", - deyə Makkarti Offsideplus.az-a açıqlamasında bildirib.
Makkarti doğma ölkəsində qoluna sevinən azarkeşlərə və ailəsinə də təşəkkürünü çatdırıb:
"Bu, hər kəsin xatırlayacağı və sevincini bölüşəcəyi anlardandır. Sosial şəbəkələrdə böyük coşqu olduğunu görürəm, baş verənləri izləyirəm. Vətənimdəki bütün azarkeşlərə, mənə dəstək olan insanlara və ailəmə sevgimi çatdırmaq istəyirəm. Onların hər bir dəstəyini görürəm və buna görə çox minnətdaram".
Futbolçu "Borussiya" azarkeşlərinin də fəallığı ilə seçildiyi stadion atmosferinin onun oyununa təsir etmədiyini vurğulayıb:
"Məncə, atmosfer çox yaxşı idi. Gəldiyim ölkədə 100 min azarkeş tutumu olan stadionlarda da oynamışam. Buna görə də atmosfer mənə təsir etmir. Meydanda olduğum zaman bütün diqqətimi oyuna yönəldirəm".