Qazaxıstanda Bakının "Sabah" və Almatının "Kayrat" klublarının ev oyunlarına biletlərin qiymətləri arasındakı qeyri-adi fərq diqqət çəkib.
İdman.Biz xəbər verir ki, müzakirələrə "Sabah"ın Çempionlar Liqasında "Barselona"ya qarşı oyunu ilə "Kayrat"ın Konfrans Liqasında Yunanıstanın "Panatinaikos" komandasına qarşı görüşünün bilet qiymətlərinin müqayisəsi səbəb olub.
Qazaxıstanın "goalkz_official" sosial şəbəkə hesabı Bakı klubunun daha əvvəl "Barselona", Dortmund "Borussiya"sı, "Napoli" və Praqa "Slaviya"sına qarşı dörd ev oyunu üçün bilet paketini 9 000 tengeyə (35 manat) satışa çıxardığını xatırladıb. Beləliklə, bir oyuna düşən biletin qiyməti cəmi 2 250 tenge (təxminən 8,4 manat) olub.
Müqayisə üçün qeyd edək ki, oktyabrın 22-də Almatıda keçiriləcək "Kayrat" – "Panatinaikos" matçına ən ucuz bilet 4 000 tenge (təxminən 15 manat), ən bahalı bilet isə 15 000 tenge (təxminən 56,2 manat) təşkil edir.
Qiymətlər arasındakı fərq Qazaxıstanda ironik reaksiyaya səbəb olub.
"Barselona"ya 2 250 tengeyə (təxminən 8,4 manat) baxmaq? Yox, sağ olun, yaxşısı budur, 15 000 tengeyə (təxminən 56,2 manat) "Panatinaikos"un oyununa gedim!" – paylaşımda istehza ilə qeyd olunub.
Beləliklə, "Sabah"ın dörd ev oyunu üçün nəzərdə tutulan paket çərçivəsində Avropanın ən titullu klublarından birinə qarşı matçı izləmək bir oyun üçün hesablandıqda "Kayrat"ın Yunanıstan təmsilçisi ilə görüşünə ən ucuz standart biletdən təxminən iki dəfə ucuz başa gəlib.
Qeyd edək ki, söhbət məhz "Sabah"ın dörd ev oyununu əhatə edən abonement paketindən gedir. Onun satışı oktyabrın 1-də başa çatıb. "Barselona" ilə matça ayrıca alınan ən ucuz bilet isə 15 manatdır. Bu məbləğ "Kayrat" – "Panatinaikos" görüşünə ən ucuz biletin qiyməti ilə demək olar ki, eynidir.
Bununla yanaşı, turnirlərin statusunu və rəqiblərin səviyyəsini də nəzərə almaq lazımdır. Bakıda azarkeşlər Çempionlar Liqası çərçivəsində dünya futbolunun ən titullu klublarından biri olan "Barselona"nı izləyə biləcəklər. Almatıda isə söhbət əhəmiyyətinə görə Avropanın üçüncü klub turniri sayılan Konfrans Liqasının oyunundan gedir.
Xatırladaq ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsindəki bütün ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirir. "Barselona" ilə qarşılaşma noyabrın 25-nə təyin olunub.