Azərbaycan millisinin qadın cüdoçusu Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Kaisinova 78 kq-dan yuxarı çəki dərəcəsində fərqlənib.
O, 1/4 finalda polşalı Emiliya Qonsiora qalib gəlib. Yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya məğlub olan Kaisinova üçüncü yer uğrunda qarşılaşmada italiyalı Alessiya Cordanodan üstün olub.
Qeyd edək ki, 38 ölkədən 261 cüdoçunun qatıldığı turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə millinin daha 5 üzvü mübarizəyə qoşulacaq.