top
Lazar Spasiç: Təkcə Sabaha yox, bütün Azərbaycan basketboluna kömək etmək istəyirəm Idman.biz
29 may 2026, 14:32
- +

Lazar Spasiç: "Təkcə "Sabah"a yox, bütün Azərbaycan basketboluna kömək etmək istəyirəm"

Azərbaycan Basketbol Liqasının (ABL) dördqat çempionu "Sabah" 2026/2027 mövsümə yeni səhifədən başlayacaq. Klub serbiyalı mütəxəssis Lazar Spasiçlə üçillik müqavilə imzalayıb və o, baş məşqçi postuna gətirilib. Daha əvvəl komandaya litvalı Rimas Kurtinaytis rəhbərlik edirdi.

Spasiçin son klubu Almaniyanın "Oldenburq" komandası olub. 33 yaşlı mütəxəssis Avropanın ən perspektivli gənc məşqçilərindən biri hesab olunur.

O, İdman.Biz-ə müsahibəsində niyə Almaniya klubunda qalmadığını, Azərbaycan basketbolu haqqında nə düşündüyünü və "Sabah"ı, eləcə də ölkədə bu idman növünü necə inkişaf etdirməyi planlaşdırdığını danışıb.

- Necə oldu ki, "Sabah" sizinlə maraqlandı?

- "Sabah"ın marağı mövsümün sonunda yarandı. Mənə layihə barədə ətraflı məlumat verildi. Almaniyada həm klubda, həm də ailə baxımından sabit vəziyyətim var idi, buna görə əvvəlcə xüsusi maraq göstərmədim. Amma sonra detalları daha dərindən öyrənməyə başladım. Avropa basketbolunda üçillik müqavilə almaq çox ciddi təklifdir. Klub bununla mənə nə qədər güvəndiyini, inandığını və məni Azərbaycanın ən böyük basketbol klubu olan "Sabah"ın bir hissəsi kimi görmək istədiyini göstərdi.

Danışıqlar başlayanda "Oldenburq"la səmimi oldum - onlar mənimlə "Sabah" arasındakı təmaslardan xəbərdar idilər. Açığı, ilk fikrim Almaniya klubunda qalmaq idi. Amma dediyim kimi, "Sabah"ın təklifi mənim karyerama böyük hörmətin göstəricisi oldu.

Ailəmlə bu variantı çox müzakirə etdik. Mənim üçün əsas məsələ pul yox, layihə və idman motivasiyasıdır. Keçidimin səbəbi də məhz bu oldu. Mən bu layihənin gələcəyinə həqiqətən inanıram. Nəticədə ailəlikcə təklifi qəbul etdik və Bakıya köçmək qərarına gəldik.

- Bildiyimizə görə, "Oldenburq" sizi komandada saxlamağa çalışırdı...

- Açıq danışsaq, "Oldenburq"la "Sabah"ın təklifləri arasında böyük fərq yox idi. Amma əsas amil uzunmüddətli müqavilə oldu. Bu, həm mənə, həm də ailəmə sabitlik verir. Biz daim bir yerdən başqa yerə köçmək istəmirik, çünki bu, həmişə çətinliklərlə bağlı olur və çox vaxt tələb edir.

- "Oldenburq" azarkeşləri sizin gedişinizi ağır qarşıladı. Belə bir fonda klubla vidalaşmaq necə idi?

- "Oldenburq"un baş məşqçisi olanda mənim üçün azarkeşlərlə münasibət qurmaq xüsusilə vacib idi. Düşünürəm ki, bu baxımdan çox yaxşı iş gördük, çünki aramızdakı bağ inanılmaz dərəcədə güclü və yaxın oldu. Daha əvvəl belə bir şey yaşamamışdım. Buna görə də "Sabah"a keçid mənim üçün çox emosional qərar idi.

"Oldenburq" azarkeşləri məni ilk gündən, ilk oyundan qəbul etdilər. Böyük dəstək hiss edirdim və vidalaşmaq həqiqətən çətin oldu. Qərar rəsmiləşəndə azarkeşlərdən bu qədər emosional mesaj və belə reaksiya alacağımı gözləmirdim. Onlara çox minnətdaram.

- Səhv etmirəmsə, 2023-cü ildə o vaxt çalışdırdığınız "Vrşaç" komandası "Sabah"la yoxlama oyunu keçirmişdi. Həmin matç Bakı klubu ilə müqavilə imzalamaq qərarınıza təsir etdi?

- Bəli, düz deyirsiniz və burada maraqlı məqam var. 2023-cü ilin yayında Serbiyada, Vrşaçda onlarla yoxlama oyunu keçirdik. Çox yaxşı qarşılaşma idi və məhz həmin vaxt "Sabah" haqqında ilk dəfə eşitdim. Sonra klub barədə daha çox məlumat topladım, Skopyedəki təsnifat zamanı onları izlədim. Orada FIBA Avropa Kubokuna vəsiqə qazandılar. Həmin vaxtdan komandaya diqqətlə baxmağa başladım. Elə onda aydın idi ki, bu, gələcəyi üçün iddialı layihəsi olan ciddi təşkilatdır. Gördüyünüz kimi, taleyin işi həqiqətən maraqlı olur - indi mən "Sabah"ın baş məşqçisiyəm.

Bir məqamı da qeyd edim. Düşünürəm ki, həmin oyun klub rəhbərliyində də təəssürat yaratdı - onlar da məni izləməyə məhz o vaxt başladılar. Əminəm ki, o matç hər iki tərəf üçün vacib əlaqənin başlanğıcı oldu.

- Ötən mövsüm ABL-də belə təəssürat yaranırdı ki, "Sabah"ın yerli oyunçuları kölgədə qalırdı. Azərbaycanlı basketbolçularla bağlı strategiyanız necə olacaq?

- Keçmişə qayıtmaq istəmirəm, amma dediyiniz kimi, yerli oyunçuların rolu əvvəl o qədər də böyük deyildi. Mənim üçün çalışdığım bütün klublarda yerli basketbolçular həmişə çox vacib olub. Onlar komandanın ürəyi, təməlidir. Əgər onlar yaxşı oynasalar, insanlar da klubu dəstəkləməyə və oyunlara baxmağa gələcəklər.

Sistemim yüksək intensivlik tələb edir, buna görə də 10-11 oyunçudan ibarət rotasiyaya üstünlük verirəm. Şirzad Şirzadovun, Kamran Məmmədovun, Endər Poladxanlının və Emmanuel Aqbasonun necə çıxış edəcəyinə baxacağıq. Yerli oyunçular xüsusilə məşq prosesi üçün vacibdirlər. Mənim üçün əsas məsələ sənin məşqlərdə necə işləməyindir, çünki matçlarda da özünü məhz belə göstərəcəksən. Bu uşaqlar meydana pozitiv enerji və yaxşı iş etikası gətirməlidirlər. Əminəm ki, onlar sistemə uyğunlaşa və komandada öz rollarını tapa biləcəklər. Mən onlara inanıram, amma çox şey onların özündən asılıdır. Öz tərəfimdən isə həmişə onlara şans verməyə hazıram.

Eyni zamanda bəzi oyunçuların rollarını bir qədər dəyişmək istəyirəm. Amma yenə də hər şey onların özündən asılıdır. Hələ konkret ad çəkmək istəmirəm, çünki işə yenicə başlamışıq. Hər birində potensial görürəm. Emmanueli gənclər arasında Çempionlar Liqasında (YBCL), həmçinin Şirzad və Kamranı izləmişəm. Onların məşqlərdə özlərini necə göstərəcəkləri də çox vacibdir. Həm yerli çempionatda, həm də Çempionlar Liqasında məqsədlərimizə çatmaq üçün onların töhfəsi də əhəmiyyətli olmalıdır. Peşəkar basketbolda nəticə, əlbəttə, çox vacibdir. Amma mənim üçün inkişaf perspektivi də az əhəmiyyət daşımır. Biz özümüzə fokuslanmalı və oyunumuzu daim inkişaf etdirməliyik.

- Ümumilikdə Azərbaycan basketbolunun səviyyəsini necə qiymətləndirirsiniz?

- Son üç ildə inkişaf tempi həqiqətən təsiredicidir. Azərbaycan klublarının getdikcə daha çox avrokuboklarda iştirak etməsi çox vacibdir. İdmanın inkişafı üçün komandaların sayı artırılmalı və milli çempionatın səviyyəsi yüksəldilməlidir. Bu, həm də yeni yerli oyunçuların meydana çıxması və gənc istedadların inkişafı deməkdir. Azərbaycan basketbolunun gələcəyi üçün bu, son dərəcə vacib amildir.

- Qarşınıza hansı məqsədləri qoyursunuz?

- Təkcə ambisiyalar və nəticələr barədə danışmaq istəmirəm. Yalnız bunları düşünəndə inkişaf olmur. Hər gün inkişaf etmək lazımdır. Biz oyunçularla iş üzrə yeni sistem qurmalı, "Sabah" klubunun uzunmüddətli layihəsinin həyata keçirilməsi, gələcək inkişaf və komandaya gələcək yeni basketbolçular barədə düşünməliyik.

Bizim Avropanın hər yerində tanınacaq və hörmət olunacaq oyun sistemimiz olmalıdır. Çünki aparıcı çempionatların məşqçiləri və klubları dəqiq qurulmuş üslubda oynayan basketbolçuların çıxışlarını diqqətlə izləyirlər. Bu məqsədə çatsaq, bizim oyunumuz da tanınacaq və hörmət qazanacaq. Bu, peşəkar və ciddi işlədiyimizin daha bir sübutu olacaq. Nəticələr isə mütləq gələcək.

Azərbaycanın ən böyük basketbol komandası olan "Sabah"ın baş məşqçisi kimi təkcə kluba yox, ölkədə bütün basketbolun inkişafına kömək etmək istəyirəm. Federasiya və "Sabah" artıq bu istiqamətdə ciddi addımlar atır. Bir daha qeyd edim ki, Azərbaycan klublarının avrokuboklarda çoxluq təşkil etməsi əla hadisədir. Yerli çempionatın inkişafı da çox böyük əhəmiyyət daşıyır.

- Fikrinizcə, Azərbaycan karyeranızın bu mərhələsində sizə şəxsi və peşəkar baxımdan nə verə bilər?

- Pul mənim üçün birinci yerdə deyil. Üçillik müqavilə imzalamaq ciddi addımdır. Məşqçi kimi inkişaf etməyə davam etmək və Azərbaycan basketbolu üçün yeni tarixi uğurlar qazanmaq istəyirəm. Karyeramda artıq iki çempionluq titulu var və yenidən qalib gəlmək istəyirəm. Əminəm ki, birlikdə çox yaxşı nəticələr əldə edə bilərik.

Bakı gözəl şəhərdir. Azərbaycanla Serbiya arasında həmişə çox yaxşı münasibətlər olub. Üç ildən sonra harada olacağımı bilmirəm, amma əminəm ki, həm mən, həm də ailəm bu müddətdə Bakıda yaşamaqdan zövq alacağıq. İnanıram ki, həm klub daxilində, həm də ondan kənarda insanlarla çox gözəl münasibətlər və əməkdaşlıq quracağıq.

Ümid edirəm ki, tribunaya daha çox azarkeş cəlb edə biləcəyik. Çünki insanların oyunlara nə dərəcədə fəal gəlməsi birbaşa bizim işimizin keyfiyyətindən də asılıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Bu gün, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Futbol
Bu gün, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Bu gün, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Oxşar xəbərlər