top
Loren Klark: Azərbaycandakı vəziyyətlə bağlı yaxınlarım geri qayıtmağımı istəyirdilər Idman.biz
01 aprel 2026, 15:22
- +

Loren Klark: Azərbaycandakı vəziyyətlə bağlı yaxınlarım geri qayıtmağımı istəyirdilər

Minnesotadan olan UNEC voleybolçusu Loren Klark ilk dəfə Azərbaycanda çıxış edir. O, bundan əvvəl Fransada oynayıb və ABŞ-da universitet voleybolundan sonra peşəkar liqada debüt edib.

UNEC Azərbaycan çempionatının ən güclü klublarından biridir, baxmayaraq ki, mövsümün ikinci yarısında komanda müəyyən çətinliklərlə üzləşib. Pley-offdakı ilk oyununda kollektiv "Gəncə"yə 2:3 hesabı ilə uduzub.

UNEC üçün çətin dövr, Azərbaycanda həyat, eləcə də Fransa və ABŞ voleybolu haqqında Loren Klark İdman.Biz-ə müsahibəsində danışıb.

- Voleybola necə gəlmisiniz?

- Uşaqlıqda bir çox idman növləri ilə məşğul olurdum: basketbol, futbol, atletika və hətta xokkey. Anam uşaq vaxtı həvəskar səviyyədə voleybol oynayıb və məni bu idman növü ilə o tanış edib. 11-12 yaşımda voleybola başladım, amma digər istiqamətlərlə də məşğul olmağa davam edirdim. Tədricən voleybola daha çox meyl etməyə başladım. Mənim xoşuma gəlir ki, bu elə bir idman növüdür ki, yaş artdıqca daha da inkişaf edirsən.

Məktəbin yuxarı siniflərində oyunum yaxşılaşdı, kolleclərin diqqətini çəkməyə başladım. O zaman bildim ki, ali təhsil müəssisəsinə qəbul zamanı idman təqaüdü qazana bilərəm və bu imkandan istifadə etmək qərarına gəldim. Nəticədə COVID-19 səbəbindən tətbiq olunan əlavə ilə birlikdə kollecdə beş il çıxış etdim (tələbələr normalda yalnız təhsil müddətində kollecdə oynaya bilirlər, lakin pandemiya səbəbindən onlara əlavə bir mövsüm oynamaq imkanı verildi – red.).

- Universitetdə hansı ixtisas üzrə təhsil almısınız?

- Tibb üzrə. Voleybol karyeram başa çatdıqdan sonra təhsilimi davam etdirərək tibb bacısı olmaq istəyirəm. Bu peşə ABŞ-də çox tələb olunur, çünki tibb müəssisələrində olan xəstələrin sayına nisbətdə mütəxəssis çatışmır. Bununla yanaşı, bu sahədə rəqabət də yüksəkdir, çünki böyük məsuliyyət tələb edir. Mən insanlara qayğı göstərməyi sevirəm, özümü empatik insan hesab edirəm, buna görə də bu sahədə çalışmaq istəyirəm.

- Peşəkar voleybola keçmək qərarını nə vaxt verdiniz?

- Kollecdən sonra peşəkar karyeranın real imkan olduğunu belə bilmirdim. Bunu öyrəndikdən sonra isə voleybol oynamaq və səyahət etmək şansını qaçırmadım. İlk peşəkar mövsümüm Fransada oldu. Belə təklif alanda yaxınlarım çox sevindilər. Anam çox sevinirdi, atam isə əvvəlcə bir qədər narahat idi, amma Avropada bir müddət yaşadıqdan sonra sakitləşdi.

- Fransada həyat və voleybola uyğunlaşmanız necə keçdi?

- Yaşadığım şəhər kifayət qədər kiçik idi, əyləncə çox deyildi, amma yenə də bu, əla təcrübə oldu. Çox piyada gəzməli olurdum, amma bu, normaldır. Məktəbdə fransız dili öyrənmişdim, buna görə dili bir qədər bilirdim və onların mədəniyyətinə bələd idim.

Bu, ilk peşəkar ilim üçün ideal yer idi. Güclü stress olmadan uyğunlaşa bildim. Baxmayaraq ki, bəzən çətinliklər də olurdu. Xaricdə oyun üslubu mənim öyrəşdiyimdən çox fərqlidir: oyun tempi, məşq prosesi və matçlar başqa cürdür. ABŞ-də mənim yerimə arxa xətt oyunçusu və ya libero oynayırdı. Fransada isə bütün mövqelərdə çıxış edirdim. Yeni rola uyğunlaşmalı, yeni terminologiya və oyun sxemlərini öyrənməli oldum.

- Fransadan sonra niyə Azərbaycanı seçdiniz?

- Bu, Fransadakı mövsüm bitdikdən sonra aldığım ilk təklif idi. Dərhal qəbul etdim. Məşqçi xoşuma gəldi və agentim də bu yer haqqında müsbət fikirlər söylədi. Bundan əvvəl Azərbaycan barədə ümumiyyətlə məlumatım yox idi. Şəhər haqqında məlumat axtardım və əvvəllər bu liqada oynamış Fransadan olan bir qızla danışdım. Sonda valideynlərimlə hər şeyi müzakirə etdim və onlar bunun yaxşı variant olduğunu deyəndə qərar verdim.

- Azərbaycanla bağlı ilk təəssüratlarınız necə oldu?

- Buraya sentyabrın əvvəlində gəldim və hava çox isti idi – bu, xoşuma gəldi. Fransadan və Parisə səfərlərdən sonra Bakıya gəlib düşündüm: "Vau, böyük şəhərdir və eyni zamanda çox təmiz və səliqəlidir". Hava limanına çatanda dərhal binaların müasir və baxımlı göründüyünü hiss etdim.

Həmçinin insanlar tez-tez mənə yaxınlaşıb haradan olduğumu soruşurdular. Əvvəlcə bu, mənə bir az qəribə gəlirdi. Niyə mənə belə baxdıqlarını anlamırdım. Zamanla öyrəşdim və indi özümü daha rahat hiss edirəm. İnsanlarla mümkün qədər ünsiyyət qurmağa çalışıram, hətta hamı ingilis dilində danışmasa belə. Amma əvvəl həqiqətən düşünürdüm: "Nə baş verir?".

- Azərbaycanda həyata necə uyğunlaşdınız?

- Köç kifayət qədər rahat keçdi. İlk vaxtlar məişət məsələlərinə uyğunlaşmalı oldum – məsələn, saç baxımı üçün uyğun vasitələr tapmaq və fərqli qidaya öyrəşmək.

Mən böyük şəhərləri sevirəm. Bakıda iş və şəxsi həyat arasında balans saxlamaq mümkündür. Voleybol oynamadığım vaxtlarda dincələ və fikrimi yayındıra bilirəm. Yerli parkları və ticarət mərkəzlərini çox bəyənirəm. Hətta bu yeddi ay ərzində hamısını gəzib bitirə bilməmişəm. Hər dəfə gəzintiyə çıxanda yeni yerlər kəşf edirəm.

Uyğunlaşma prosesi asan oldu. Əsas çətinlikləri Fransada yaşamışdım. O zaman xaricdə həyata, vaxt fərqinə, yaxınlarla uzaqdan ünsiyyətə alışmaq lazım idi. Üstəlik, Bakıda kifayət qədər amerikalı var – voleybolçular və basketbolçular. Aramızda kiçik bir icma formalaşıb və bu, çox kömək edir: təcrübə mübadiləsi aparmaq və özünü tənha hiss etməmək mümkündür.

- Basketbol oyunlarına gedirsiniz?

- Bəli, bir çox oyunda olmuşuq. Dostlarımızın oynadığı komandaları dəstəkləyirik, məsələn, "Ordu", "Quba", "Lənkəran", "Naxçıvan". Burada basketbol, əlbəttə ki, NBA deyil (gülür): oyun tempi və üslubu fərqlidir, amma yenə də izləmək maraqlıdır.

- Yaxınlarda regionda siyasi vəziyyət İranla bağlı hadisələr fonunda mürəkkəbləşib. Bu hadisələri necə qəbul edirsiniz?

- Əvvəlcə mən də, ailəm də bir qədər narahat idik. Sonra gördüm ki, vəziyyətin qavranılması harada olmağından asılı olaraq çox fərqlənir. Məsələn, ABŞ-da olan yaxınlarım xəbərlərdə Azərbaycandakı vəziyyətin əslində olduğundan daha gərgin təqdim edildiyini oxuyurdular. Mən isə onlara izah edirdim ki, baş verənlərdən xəbərdarıq, amma bu, birbaşa bizim olduğumuz yerdə baş vermir. Yaxınlarım deyirdilər ki, geri qayıtmalıyam. Amma mən cavab verirdim ki, özümü təhlükəsiz hiss edirəm və bəlkə də getməkdənsə qalmaq və gözləmək daha yaxşıdır.

Klub rəhbərliyi ilə də danışmışıq. Bizi əmin etdilər ki, vəziyyət nəzarət altındadır və lazım gələrsə təhlükəsizliyimiz üçün tədbirlər görüləcək. Bu, əlbəttə ki, daha sakit hiss etməyimizə kömək etdi. Bundan əlavə, hər iki valideynim hərbi xidmətdə olub və hərbçi dostlarım da var. Onlar mənə müəyyən tövsiyələr və resurslar veriblər, buna görə özümü daha da güvənli hiss edirəm.

- UNEC haqqında danışaq. Komanda yoldaşlarınızla ümumi dil tapmaq çətin olmadı?

- Xeyr! Bəzi oyunçular ingilis dilində danışmırdı və bu, azsaylı çətinliklərdən biri idi. Amma bir-birimizə, oyun üslubuna və mədəni fərqlərə alışdıqdan sonra hər şey xeyli asanlaşdı. Komandamızda müxtəlif ölkələrdən insanlar var və bir-birimizi daha yaxından tanımaq çox maraqlıdır.

- Bu mövsüm UNEC-in çıxışını necə qiymətləndirərdiniz?

- Mövsümün ilk yarısında çox yaxşı oynayırdıq: bütün komandalarla rəqabət aparır və yaxşı nəticələr göstərirdik. İkinci yarıda isə hər şey daha çətin oldu və nəticələr o qədər stabil olmadı. Pley-off öncəsi əvvəlki inamı, motivasiyanı və oyun səviyyəsini qaytarmağa çalışırdıq.

- Sizcə, mövsümün ikinci yarısı niyə daha uğursuz keçdi?

- Cavab vermək çətindir. Ola bilsin, bir qədər komanda oyunumuzu itirdik. Bəzən belə hallar olur – komanda kiçik eniş dövrü yaşayır. Həmçinin ikinci yarıda zədələrimiz də oldu. Əlimizdən gələni edirdik, amma digər komandalar da meydana böyük qələbə istəyi ilə çıxır.

- Bu mövsüm şəxsi inkişafınız barədə nə deyə bilərsiniz?

- Bu mövsüm mənə oyunçu kimi daha inamlı olmağa kömək etdi. Keçən il daha çox xaricdə həyata və peşəkar voleybola uyğunlaşmağa fokuslanmışdım. Bu il isə özümü daha rahat hiss edirəm: oyunu daha yaxşı anlayıram, qərarları daha tez verirəm. Hələ də öyrənirəm, amma artıq xaricdə oyunun ritmi və xüsusiyyətləri mənim üçün adi hala çevrilib.

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:55

Fərman Həsənov: “Üzərimdə heç bir təzyiq yoxdur, rəqibimi yaxşı tanıyıram”

Futbol
Bu gün, 12:32

Sabah FK Avstriyada ilk yoxlama oyununu keçirəcək

Futbol
Bu gün, 12:17

Fitness məşqçisinin ağır səhvi: futbolçu Darril Tomlinsonun faciəvi ölümü

Gimnastika
Bu gün, 11:47

Gənc bədii gimnastın iki uğuru

Futbol
Bu gün, 11:40

Peşəkar Futbol Liqası klublara 2.6 milyon manat ödədi

Futbol
Bu gün, 11:20

Roberto Martines mundialda ən çox qələbə qazanan ispan baş məşqçisi oldu

Futbol
Bu gün, 11:11

Peşəkar Futbol Liqası klublara 2 milyon 610 min manat ödəyib

Futbol
Bu gün, 10:59

Neftçi PKK-nı yeni hücumçu ilə gücləndirir

Digər
Bu gün, 10:48

Tramp: Kişilər qadın idmanında iştirak etməməlidir

Futbol
Bu gün, 10:00

FIFA azərbaycanlı futbolçu Coşqun Diniyevə görə Türk klubuna cəza verdi

Futbol
Bu gün, 09:40

Yuventus Randal Kolo-Muanini almaq istəyir, lakin PSJ 40 milyon avro istəyir

Futbol
Bu gün, 09:22

Kriştianu Ronaldunun nişanlısı Corcinya Portuqaliya – Özbəkistan matçını maraqlı geyimdə izləyib

Futbol
Bu gün, 09:22

DÇ-2026-da qrup mərhələsinin üçüncü turu

Futbol
Bu gün, 09:08

Qana DÇ-2026-da qapısını toxunulmaz saxlayan dörd komandadan biridir

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun bacısı qardaşını tənqid edənlərə cavab verdi

Futbol
Bu gün, 08:17

İngiltərə mundial tarixində 0:0 hesablı oyunların rekordçusudur

Futbol
Bu gün, 08:00

Paraqvaylı şərhçi FİFA-nı tənqid edən sözləri çıxarıb akkreditasiyası ləğv olundu

Futbol
Bu gün, 07:59

DÇ-2026: Kolumbiya pley-offa vəsiqəni təmin etdi

Futbol
Bu gün, 07:15

Atletiko Madrid “Barselona”ya qarşı FİFA-ya şikayət edir

Futbol
Bu gün, 07:00

Deşam anasının vəfatı səbəbiylə millidən ayrıldı

Futbol
Bu gün, 06:30

DÇ-2026: İngiltərə millisinin qeyri-adi rekordu

Futbol
Bu gün, 06:11

Çelsi Marko Palestranın transferini başa çatdırmağa hazırdır

Futbol
Bu gün, 05:41

DŞ-2026: Xorvatiya Panama üzərində minimal qələbə qazandı

Futbol
Bu gün, 05:07

Harri Keyn qanalı cadugərincadu etdiyi oyunda fərqlənə bilməyib

Oxşar xəbərlər