İsveçrənin Cenevrə şəhərində hindistanlı dünya çempionu Dommaracu Qukeşlə özbəkistanlı iddiaçı Cavohir Sindarov arasında şahmat tacı uğrunda matçın dördüncü partiyası keçirilib.
İdman.Biz xəbər verir ki, noyabrın 28-də baş tutan görüş 34-cü gedişdə heç-heçə ilə başa çatıb. Bu dəfə ağ fiqurlarla Qukeş, qara fiqurlarla isə Sindarov oynayıb.
Hindistanlı şahmatçı debütdə nadir rast gəlinən gediş edərək rəqibini hazırlıqsız yaxalamağa çalışıb. Sindarov cavab gedişi üzərində təxminən 20 dəqiqə düşünsə də, sonradan mövqeni bərabərləşdirməyə nail olub. Qarşılaşma əbədi şah nəticəsində yekunlaşıb.
Əvvəlki üç partiyada da qalib müəyyənləşmədiyindən ümumi hesab 2:2 olub. Beləliklə, dünya çempionluğu uğrunda mübarizədə tərəflərdən heç biri hələ üstünlük qazana bilməyib.
Beşinci partiya bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Həmin görüşdə ağ fiqurlarla Sindarov oynayacaq.
Qeyd edək ki, qarşıdurma maksimum 14 klassik partiyadan ibarətdir. İlk olaraq 7,5 xal toplayan şahmatçı dünya çempionu olacaq. Əsas partiyalardan sonra hesab 7:7 olarsa, qalib tay-brekdə müəyyənləşəcək.