"Bizi ardıcıl olaraq çətin və vacib oyunlar gözləyir".
Bu sözləri "Zirə"nin qapıçısı Maykon Kleyton səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 13-cü tur matçından sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– İlk növbədə, oyun haqqında fikirlərinizi bilmək istərdik…
– Mənim üçün yaxşı oyun oldu. Təəssüf ki, matçın elə ilk dəqiqələrində hesabda geri düşdük və bu, oyunun gedişini bir qədər çətinləşdirdi. Buna baxmayaraq, qarşılaşma ərzində məşqçinin tapşırıqlarına uyğun hərəkət etdik. İkinci hissədə də yaxşı oynadığımızı düşünürəm. Qol imkanlarımız oldu, lakin futboldur, təəssüf ki, həmin fürsətlərdən yararlana bilmədik.
– Oyunun sonlarına yaxın, 80-ci dəqiqədən sonra futbolçular arasında insident yaşandı. Həmin vaxt meydanda nə baş verdi?
– Futbolçular arasında bəzi hadisələr baş verdi. Ancaq həmin epizodlarla bağlı ətraflı məlumatım yoxdur.
– Zədədən qayıtdıqdan sonra artıq ikinci oyununuzu keçirdiniz. Bu qarşılaşmaları necə dəyərləndirirsiniz?
– Zədədən qayıtdığımı nəzərə alsaq, bu, futbol karyeramda ilk belə hadisə idi. İlk dəfə idi ki, zədələnir və uzun müddət meydandan kənarda qalırdım. Son iki oyuna gəlincə, deyə bilərəm ki, getdikcə komandaya daha yaxşı uyğunlaşıram. Öz üzərimdə çalışaraq inamımı bərpa etməyə və komandama maksimum kömək göstərməyə çalışacağam.
– Qarşıda "Sabah" və "Qarabağ"la oyunlarınız var. Turnir cədvəlində "Kəpəz"lə aranızda cəmi iki xal fərq olduğunu da nəzərə alsaq, qarşıdakı matçlardan gözləntiniz nədir?
– Bizi ardıcıl olaraq çətin və vacib oyunlar gözləyir. Elə bugünkü qarşılaşma da güclü komandaya qarşı idi. Bu cür oyunlardan bacardığımız qədər zövq almağa çalışırıq. Düşünürəm ki, qarşıdakı matçlarda da xal və ya xallar qazana bilərik.
– Mövsümün sonu üçün hədəfiniz nədir?
– Təkcə mövsümün sonu üçün deyil, hər oyun üçün məqsədimiz eynidir. Hər matça üç xal qazanmaq üçün çıxırıq. Hazırda, səhv etmirəmsə, qış fasiləsinə qədər üç oyunumuz qalıb. Bu qarşılaşmalarda da hədəfimiz dəyişməyəcək. Meydana maksimum konsentrasiya ilə çıxaraq qələbə qazanmağa çalışacağıq.
– Azərbaycana gəlməzdən əvvəl ölkə çempionatı haqqında məlumatınız var idi? Buraya gəldikdən sonra gözləntiləriniz özünü doğrultdumu?
– Açığı, Azərbaycana gəlməzdən əvvəl ölkə çempionatının oyunlarını izləmirdim. Ancaq buraya gəlməmişdən qabaq tanıdığım bir neçə həmyerlimdən Azərbaycan çempionatı və onun səviyyəsi barədə soruşmuşdum. Onlar da öz müsbət təəssüratlarını mənimlə bölüşmüşdülər.
– Bəs çempionatın səviyyəsi ilə bağlı gözləntiləriniz doğruldumu?
– Düzü, cəmi iki oyun keçirdiyimdən, bu suala dolğun cavab verə bilmərəm. Növbəti matçlarda daha çox təcrübə qazandıqdan və öz çıxışlarımı təhlil etdikdən sonra çempionatın səviyyəsi barədə daha geniş fikir bildirərəm.
– Azərbaycana uyğunlaşma prosesində ən çox hansı məsələdə çətinlik çəkdiniz?
– Ümumilikdə, adaptasiya prosesim çox uğurlu keçib və hazırda da davam edir. Qarşılaşdığım yeganə çətinlik saat fərqi ilə bağlı idi. Braziliya ilə Azərbaycan arasındakı vaxt fərqinə uyğunlaşmaq bir qədər çətin oldu. Bununla belə, məni xoş qarşıladıqlarına görə klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm.