SSRİ millisinin sabiq müdafiəçisi Vasili Danilov 86-cı yaşında dünyasını dəyişib.
Sportify.az xəbər verir ki, bu barədə Rusiyanın "Zenit" klubunun mətbuat xidməti məlumat yayıb.
Sankt-Peterburq təmsilçisi futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Danilov karyerası ərzində "Zenit", "Şaxtyor" (Stalinogorsk), "Lokomotiv" və Leninqrad "Dinamo"sunda çıxış edib. Müdafiəçi "Zenit"in heyətində 172 oyun keçirib və 6 qol vurub. O, klub tarixində SSRİ millisində ən çox oyun keçirən futbolçu olub – 23 matç.
Danilov 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında iştirak edib. SSRİ yığması turniri dördüncü pillədə başa vursa da, futbolçu bürünc medal əldə edib.
1997-ci ildə Vasili Danilov Rusiyanın əməkdar idman ustası adına layiq görülən ilk futbolçu olub.