"Neftçi"nin turnir cədvəlində lider olması təsadüfi deyil. Komanda göstərdiyi oyun və qazandığı nəticələrlə bu mövqeyə layiq olduğunu sübut edir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri ötən gün "Neftçi"nin səfərdə "Şamaxı"nı məğlub edərək turnir cədvəlində liderliyə yüksəlməsini şərh edib:
"X turda "Sabah" və "Qarabağ"ın xal itirməsi də tunir cədvəlindəki vəziyyətə təsir göstərdi. Belə məqamlar rəqabətin nə qədər gərgin olduğunu bir daha nümayiş etdirir. Ancaq düşünürəm ki, "Neftçi"nin liderliyini yalnız rəqiblərin xal itirməsi ilə əlaqələndirmək düzgün olmaz. Komanda özü də meydanda nəticə qazanmalı, qarşısına qoyulan vəzifələri yerinə yetirməlidir. "Neftçi" Azərbaycan futbolunun ən köklü klubudur. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə aparması gözləniləndir. Hazırda lider olmaq yaxşıdır, amma əsas məsələ bu mövqeyi qorumaqdır. Qarşıda hələ çox oyun var və çempionluq mübarizəsində hər xalın böyük əhəmiyyəti olacaq".
Qeyd edək ki, ötən gün Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı" öz meydanında "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubu bu qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib.