Kadi Borges dekabr-yanvar aylarında "Qarabağ"dan ayrıla bilər.
Qurban Qurbanov braziliyalı yarımmüdafiəçi ilə vidalaşmağa hazırdır.
Rəsmilər baş məşqçinin bu niyyəti barədə "sambaçı"nı məlumatlandırıb
. Cənubi amerikalı legionerin diqqətinə çatdırılıb ki, onun son aylarda sərgilədiyi performans təcrübəli mütəxəssisi qətiyyən qane etmir.
Səbəbkara məsləhət görülüb ki, menecerlərlə danışıqlar aparsın. Başqa variantlar varsa, onlardan birini dəyərləndirsin.
Ağdam klubu Kadi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında sağollaşmağa razıdır. Onu icarəyə götürmək istəyən olsa, "köhlən atlar"dan "yox" cavabı almayacaq.
Qurban Qurbanov yaxınlarda braziliyalıya artıq çəkisini irad tutub.
29 yaşlı "sambaçı"nın diqqətinə çatdırıb ki, onun formaya düşməməsi komandanın çıxışına mənfi təsir göstərir. Bildirib ki, tezliklə bu problemi aradan qaldırmalıdır, əsas heyətdə yerini itirəcək.
Qurbanov xatırladıb ki, mövcud hal uzun müddətdir davam edir və bu, onda ciddi narahatlıq yaradır. Necə deyərlər, biz səni cərimələməkdən bezdik, sən isə çəkini atmaqdan yox.
2021-22-ci illərdə "Qarabağ"da çıxış edən Kadi Borges 75 oyunda 28 qol vurub. O, həmin mövsümdə Azərbaycan çempionu və kubokunun qalibi olub.
Daha sonra 5 milyon avro qarşılığında "Krasnodar"a satılıb. Rusiya klubu isə cənubi amerikalını 1,5 il sonra həmin məbləğə "Ferentsvaroş"a göndərib.
Braziliyalı 2025-ci ilin fevralında Macarıstandan Azərbaycana dönüb və 4 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ