"Orenburq"un və "Krılya Sovetov"un keçmiş hücumçusu Vladimir Pisarski bir çox futbolçunun idman mərc oyunlarında iştirak etdiyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə Sport24.ru portalına müsahibəsində bildirib:
"Digər futbolçulara nümunə olsun deyəmi mən cəzalandırıldım? Düşünmürəm. Rusiyada bir çox futbolçu mərc edir, amma onlar cəzalandırılmırlar. Ad çəkməyəcəyəm, amma müxtəlif futbol dairələrində belə söhbətlər eşitmişəm. Hətta bəziləri öz şəxsi hesablarından istifadə edərək mərc edirlər. Şəxsən mən futbolçuların başqa idman növlərinə mərc etməsində heç bir problem görmürəm. Əgər kimsə bir az əylənmək istəyirsə və qumarın verdiyi həyəcandan zövq alırsa – niyə də olmasın? Amma yenə də, bu mənim qərar verəcəyim məsələ deyil".
Qeyd edək ki, 2025-ci ilin iyulunda Rusiya Futbol İttifaqının (RFU) Etika Komitəsi, dolayı yollarla mərc oyunlarında iştirak etdiyinə görə Pisarskini dörd il müddətinə (üç ili şərti olmaqla) futboldan kənarlaşdırıb. Həmin vaxt hücumçu "Krılya Sovetov"dan icarə əsasında "Soçi"də çıxış edirdi. Daha sonra cəza müddəti dörd ay artırılıb. 2026-cı ilin noyabrında, 16 aylıq cəza müddətini başa vurduqdan sonra Pisarski peşəkar futbola qayıtmaq hüququ qazanıb.