Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən güləş üzrə U-17 Avropa çempionatında daha üç medal qazanıblar.
İdman.Biz bildirir ki, Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək U17 Avropa çempionu olub.
Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa 2:14 hesabıyla məğlub olaraq gümüş medal qazanıb.
Hakim Tağıyev (110 kq) isə belaruslu Daniil Jivulaya 3:1 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
19:31
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində həmyerlimiz Hüseyn Rzazadə Ukrayna güləşçisi Volodimir Boyko ilə qarşılaşıb.
Rzazadə rəqibinə tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.
Abbas Şəfiyev (55 kq) isə macarıstanlı Kiril Şumeykoya 13:7 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
13:19
Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında bürünc medal və final görüşlərində mübarizə aparacaqlar.
İdman.Biz xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən Abbas Şəfiyev Fransa güləşçisi İssa Çurayev və Macarıstan təmsilçisi Kiril Şumeyko ilə bürünc medal uğrunda mübarizəyə çıxacaq.
110 kiloqramda isə Hakim Tağıyev Rumıniya güləşçisi Marku Vintan və Belarusdan olan Daniil Jivula ilə bürünc medal görüşlərində qüvvəsini sınayacaq.
Final qarşılaşmalarında isə 48 kiloqram çəki dərəcəsində Hüseyn Rzazadə Ukrayna güləşçisi Volodimir Boyko ilə, 65 kiloqramda Rəşid Nazarov Rusiya təmsilçisi Maksim Monquş ilə, 80 kiloqramda isə Nihad Süleymanlı Türkiyə güləşçisi Emirhan Çayır ilə qarşılaşacaq.
Qeyd edək ki, bürünc medal görüşləri bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.