Beynəlxalq Su İdmanı Federasiyası (World Aquatics) Kanadanı 2027-ci ildə iki beynəlxalq turnirə ev sahibliyi etmək hüququndan məhrum edib.
İdman.Biz federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Kanada hökumətinin Rusiya idmançılarının yarışlarda yalnız neytral statusda iştirakına icazə verməsi səbəb olub.
Qurum açıqlamasında siyasi müdaxilədən uzaq, bütün idmançılar üçün əlçatan beynəlxalq yarışların keçirilməsi prinsipinə sadiq qaldığını bildirib. Federasiya həmçinin Kanada Su İdmanı Federasiyasına və onun tərkibinə daxil olan qurumlara konstruktiv əməkdaşlığa görə təşəkkür edib, gələcəkdə bu ölkədə yenidən yarışlar keçirmək niyyətində olduğunu vurğulayıb.
2027-ci il fevralın 25-28-də Kanadada keçirilməsi nəzərdə tutulan suya tullanma üzrə Dünya Kubokunun ilk mərhələsi Meksikaya köçürülüb. Yarışın tarixləri isə dəyişdirilməyib.
Bundan əlavə, sinxron üzgüçülük üzrə Dünya Kubokunun Kanadada keçirilməsi planlaşdırılan dördüncü mərhələsi təqvimdən çıxarılıb. Yeni ev sahibi ölkə müəyyənləşdikdən sonra turnir yenidən yarış təqviminə daxil ediləcək.