Braziliya millisinin sabiq hücumçusu Ronaldo vaxtilə İspaniya klubu "Barselona"dan ayrılaraq karyerasını İtaliya təmsilçisi "İnter"də davam etdirmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
Sportify.az xəbər verir ki, Ronaldo yaxşı maaş aldığını bildirib.
"Barselona" mənim transferim üçün 20 milyon dollar ödəmişdi, lakin sonradan satışım sayəsində yaxşı gəlir əldə etdi. Kataloniya klubunda ildə 2 milyon avro qazanırdım. "İnter" isə mənə 8 milyon avro maaş təklif etdi. Buna görə də keçidə razılıq verdim", – deyə Ronaldo “Football Italia”ya danışıb.
Braziliyalı futbolçu 1996-cı ilin yayında PSV-dən 19,5 milyon dollar qarşılığında "Barselona"ya transfer olunmuşdu. Həmin vaxt Ronaldo futbol tarixinin ən bahalı oyunçusu olmuşdu.
O, Kataloniya klubunda keçirdiyi bir mövsüm ərzində 49 oyunda meydana çıxıb, 47 qol vurub və 13 məhsuldar ötürmə edib. 1997-ci ilin yayında isə 27 milyon dollar qarşılığında "İnter"ə keçib.
Qeyd edək ki, Ronaldo 1997 və 2002-ci illərdə "Qızıl top" mükafatına layiq görülüb.