"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın "Tvente" klubunda təcrübədə olub.
İdman.Biz xəbər verir ki, bu barədə "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də "Tvente" akademiyasının məşqlərini izləyib.
O, komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar, həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Vaqif Cavadov futbolçu olduğu dönəmdə, 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib.