"Aston Villa"nın baş məşqçisi Unai Emeri Alexandro Qarnaçonun icarə müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında Çempionlar Liqasında "Qalatasaray"la oyun üçün iştirak ərizəsinə daxil etmədiyi futbolçunun xidmətinə hələ də ehtiyac duyduğunu bildirib.
"Alexandro çox yaxşı məşq edir. İşə münasibəti əladır. Yayın əvvəlində fiziki hazırlığı lazımi səviyyədə olmadığı üçün çətinlik çəkirdi. İndi isə yaxşı formadadır.
Komandamız da inkişaf edir. Qarnaçonu heyətə daxil etməmişəmsə, bunun səbəbi digər futbolçulara üstünlük verməyimdir. Ona həm insan, həm də futbolçu kimi hörmət edirəm.
Futbolda hər şey dəyişə bilər. Hazırda noyabr ayıdır, transfer pəncərəsi isə yanvarda açılacaq. Bu barədə düşünmürük, çünki qarşıda bizi çoxlu oyun gözləyir və futbolçulara ehtiyacım olacaq.
Qarnaço hazırda bizim əvvəldən gözlədiyimiz səviyyədədir. Digər futbolçular da yaxşı çalışırlar. Həm klub, həm də futbolçu olaraq inkişaf etməyə davam etməliyik. Sonrasını isə zaman göstərəcək", - deyə Emeri söyləyib.
Qeyd edək ki, daha əvvəl "Aston Villa"nın xarici klublardan birinin argentinalı futbolçunun xidmətində maraqlı olacağı təqdirdə onun "Çelsi" ilə icarə anlaşmasına yanvarda xitam verməyə hazır olduğu barədə məlumat yayılmışdı. Lakin bu istiqamətdə danışıqlar hələ ilkin mərhələdədir.