İspaniya La Liqasının 14-cü turun açılış oyununda "Rasinq Santander" səfərdə "Levante"ni 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, "Syudad de Valensiya" stadionunda keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıblar. İvan Romero 42-ci dəqiqədə fərqlənərək komandasını fasiləyə üstün yollayıb.
İkinci hissədə isə "Rasinq" oyunun gedişini dəyişib. 61-ci dəqiqədə meydana daxil olan Pablo Qarsiya beş dəqiqə sonra tarazlığı bərpa edib.
Qonaqların təzyiqi 81-ci dəqiqədə daha bir qolla nəticələnib. Yasir Zabiri Santander təmsilçisini hesabda önə çıxarıb. Əsas vaxta əlavə olunmuş beşinci dəqiqədə yenidən fərqlənən Qarsiya dublunu rəsmiləşdirərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.
Beləliklə, "Rasinq" çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb. Santander təmsilçisi əvvəlki iki turda "Malaqa"nı 2:1, "Real Sosyedad"ı isə 3:2 hesabı ilə üstələmişdi.
Bu nəticədən sonra xalını 20-yə çatdıran "Rasinq" altıncı pilləyə yüksəlib. 12 xalı olan "Levante" isə 15-ci yerdə qərarlaşıb.