Fransa Liqa 1-in 12-ci turunda "Brest" doğma meydanda çempionatın ikinci pilləsində qərarlaşan "Paris"i 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, "Fransis Le Ble" stadionunda keçirilən qarşılaşmanın yeganə qolunu 21-ci dəqiqədə Luk Zoqbe vurub.
Qonaqlar xüsusilə ikinci hissədə hücumda fəallığı artıraraq hesabı bərabərləşdirməyə çalışıblar. Lakin "Brest" rəqibin təzyiqinə tab gətirərək minimal üstünlüyünü final fitinədək qoruyub.
Bu, meydan sahiblərinin çempionatda ardıcıl dördüncü qələbəsi olub. Əvvəlki üç turda "Loryan"ı (2:0), "Lion"u (2:0) və "Strasbur"u (1:0) məğlub edən komanda bu müddətdə qapısından top buraxmayıb.
Qələbə sayəsində xallarını 21-ə çatdıran "Brest" müvəqqəti olaraq üçüncü pilləyə yüksəlib və "Paris"lə fərqi iki xala endirib.
Paytaxt təmsilçisinin isə üç oyunluq qələbə seriyası qırılıb. "Paris" 23 xalla ikinci yerdə qalıb və 26 xalla lider olan PSJ-yə çatmaq fürsətini əldən verib.