"Barselona"nın sabiq futbolçusu, hazırda "Andorra" klubunun sahibi olan Jerar Pike komandanın qapıçısı Xesus Ovono ilə bağlı intizam qərarını həddindən artıq sərt hesab edir. Qolkiper "Tenerife"nin hücumçusu Xesus de Miquelin ölümü ilə nəticələnən epizoda görə 12 oyunluq diskvalifikasiya olunub.
İdman.Biz xəbər verir ki, "Tenerife" ilə "Andorra" arasında Sequndanın 12-ci turunun oyunu noyabrın 2-də keçirilib. Qarşılaşmanın ikinci hissəsinin sonlarında hesab 2:2 olarkən De Miquel Ovono ilə toqquşaraq yerə yıxılıb. Qapıçı diz zərbəsi ilə rəqib futbolçunun sinəsinə toxunub.
Hadisədən sonra zədələnən hücumçu xərəkdə meydandan çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. KİV-in məlumatına görə, De Miqueldə ürək və tənəffüs fəaliyyəti dayanıb, o, bir müddət huşsuz vəziyyətdə qalıb. Noyabrın 3-də "Tenerife"nin mətbuat xidməti futbolçunun vəfat etdiyini açıqlayıb. Daha sonra Ovono 12 oyunluq diskvalifikasiya edilib.
Pike İspaniya mətbuatına açıqlamasında hadisənin təkcə İspaniya futboluna deyil, bütün dünyaya böyük təsir göstərdiyini bildirib:
"Bu, tamamilə izaholunmaz hadisədir. Futbolda əvvəllər belə bir vəziyyətlə qarşılaşmamışıq.
Niyə belə oldu? Futbolçular, sabiq oyunçular, məşqçilər, qapıçılar - hamı bunun bədbəxt hadisə olduğunu deyir. Mən səmimi şəkildə hesab edirəm ki, Xesusa verilən ən ağır cəza onu layiq olmadığı bir vəziyyətə salır. Çünki baş verənlərdə onun günahı yoxdur. Mənim fikrimcə, Xesus Ovonoya verilən 12 oyunluq diskvalifikasiya onun məsuliyyət daşımadığı nəticələrə görə günahlandırılması deməkdir".
Sabiq futbolçu fikrini əsaslandırmaq üçün "Albasete"nin oyunçusu Xose Korpasa verilən cəzanı da nümunə göstərib. Korpas "Sabadell"in futbolçusu Kvadri Liamedin başına zərbə endirdiyinə görə üç oyunluq diskvalifikasiya olunub.
"Bu yaxınlarda "Albasete"nin stadionunda insident baş verdi. Korpas topa zərbə vurmaq istəyərkən Kvadri Liamedin başına dəydi. Xoşbəxtlikdən, Kvadri yaxşıdır və bu hadisənin nəticələri ölümcül olmadı. Yarış Komitəsi Korpası üç oyunluq diskvalifikasiya etdi. Beləliklə, Xesus da özünün məsuliyyət daşımadığı nəticələrə görə cəzalandırılır.
Mən özüm də karyeramda oxşar vəziyyətlə üzləşmişəm. 2012-ci ildə "Barselona" ilə "Çelsi" arasında Çempionlar Liqasının yarımfinal matçında qapıçımız Viktor Valdeslə çox oxşar epizodda toqquşmuşdum. Əks istiqamətlərdə yüksək sürətlə hərəkət edən, hər ikisi topa baxan iki futbolçu qəfil toqquşur və onlardan biri həmişə digərindən daha ağır zərbə alır. Həmin vaxt başımdan zərbə almışdım", - deyə Pike bildirib.